Anamın şikəstələri

         Bizim nəsildə ulu babamdan tutmuş hazırki kiçik yaşlılara kimi hamı qələm əhlidir. Hər kəs peşə mənsubiyyətindən asılı olmayaraq yazıb-yaratmaqla məşğuldur. Mərhum anam Füruzə Mirzəqızı da şeirə, sözə bağlı adam idi. Onun bədahətən dediyi təsirli bayatı və şikəstələr kənd sakinləri arasında geniş yayılmışdır. Birinci Qarabağ müharibəsində dayım Məhəmmədin oğlu Əlfinin şəhid olması xəbərini eşidən anamın söylədiyi şikəstələr məşhurdur. Analarımızın qəlbindən süzülən belə nümunələr zaman keçdikcə dildən dilə ötürülür, bəzən müəllifləri unudulur, el bayatıları kimi yaddaşlarda qalır. İstədim ki, anamdan eşitdiyim, onun özünün müəllifi olduğu həmin nümunələri oxucularımıza təqdim edim.

*     *     *

Mən aşiq, kaman ağlar,

Tar ağlar, kaman ağlar.

Qardaş balası ölən –

Ağlayar, yaman ağlar.

*     *     *

Oxun yaydı, kirişdi,

Bəxtin daşa ilişdi.

Qurbanın bağlı qaldı,

Dərdin cana sirişdi.

*     *     *

Qardaşımın parçası,

Köçüb ciyərparası.

Zaman  tez gəlib ötsün,

Qaysaq tutsun yarası…

*     *     *

Nə şirindir gözaltın,

Baxışınla söz aldın.

Vaxtsız köçdün dünyadan,

Bizə dərddi gözaltın…

*     *     *

Gülərdim, ağlamazdım,

Heç qara bağlamazdım.

Atan yaran bağlasa –

Mən səni ağlamazdım.

Adil MİSİRLİ

Şərhlər