Çiyid səpininə başlanılıb

         2022-ci ilin pambıq mövsümü üçün rayonun fermer təsərrüfatlarında çiyid səpininə start verilib. Sözügedən təsərrüfatlara məxsus 12 min hektar əkin sahəsində məhsul yetişdirilməsi planlaşdırılıb. Bununla əlaqədar “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC emal müəssisələri ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Rayonun bütün təsərrüfatlarında pambıq mövsümünə hazırlıq başa çatdırılıb, aqrotexniki tədbirlərə lazımınca əməl olunması diqqət mərkəzində saxlanılıb. Belə ki, sahələr optimal müddətdə şumlanılıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb. Traktorlar, müvafiq aqreqatlar, digər texniki vasitələr səpin işlərinə cəlb olunub. Pambıqçılar cari ildə yüksək məhsul əldə etmək əzmi ilə sahələrə çıxıblar. Səpin işlərinin qısa müddətdə başa çatdırılması üçün bütün imkanlar səfərbərliyə alınıb.

Bölgənin bütün pambıqçılıq təsərrüfatlarında aprelin 5-dən başlanan çiyid səpini kampaniyası aprelin 6-da davam etdirilib. İndiyədək 987 hektardan çox əkin sahəsində çiyid səpini həyata keçirilib. Həmin gün Kəhrizli kəndində Arif Bəbişov, Şərəfxanlı kəndində Mehdi Cəfərov və Cəfərbəyli kəndində isə Saleh Məmmədovun başçılıq etdikləri fermer təsərrüfatlarında çiyid səpini daha yaxşı təşkil olunub.

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sözügedən fermer təsərrüfatlarında olub, səpin işlərinin təşkili ilə maraqlanıb. Fermerlərə uğurlar diləyərək xeyir-dua verən rayon rəhbəri çiyid səpini ilə əlaqədar mütəxəssislərə və mexanizatorlara zəruri tapşırıqlarını və tövsiyələrini verib.

Yəhya PAŞAZADƏ

Şərhlər