Bu əhvalat ötən əsrin qırxıncı illərinin sonlarında, Böyük Vətən müharibəsi bitdikdən sonrakı dövrdə baş verib. O vaxtlar rayonumuzda nəşr olunan “Ağcabədi pambıqçısı” qəzetinin mətbəəsi indiki Heydər Əliyev prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişdiyi ərazidə Piralı Şirəliyevin ailəsinə məxsus köhnə ikimərtəbəli evin yaxınlığında yerləşirdi. Ağcabədi sakini Cavad Azadov da digər həmkarları ilə birlikdə burada çapçı vəzifəsində işləyirmiş. Həmin dövrdə “Ağcabədi pambıqçısı” qəzetinin işıq üzü görməsində və bölgədə yayılmasında onun böyük əməyi olub.
C.Azadov bir gün işlərini səhmana salıb nahar fasiləsinə çıxmaq istəyərkən mətbəənin qarşısında tanımadığı bir adamın durduğunu görüb. Onun görkəmi, qiyafəsi bu yerlərdən olmadığına şübhə yeri qoymayıb. Naməlum şəxs salam verib mətbəəyə daxil olmaq istəyib. Lakin Cavad kişi onun içəri girməsinə imkan verməyib. Qapının üzərində vurulmuş yazını göstərərək, kənar şəxslərin mətbəəyə daxil olmasının qəti qadağan olunduğunu xatırladıb. Həmin şəxs buna məhəl qoymadan inadla yenidən otağa keçməyə cəhd edib. Ancaq Cavad kişi təkrarən onun qarşısını kəsib.
Həmin şəxs bu hərəkətdən bərk əsəbləşərək, qeyzlə oradan uzaqlaşıb və rayon partiya komitəsinin binasına gedib. Bir azdan qonağın Azərbaycan Kommunist Partiyasının I katibi Mircəfər Bağırov olduğu bilinib. Bu xəbər çox keçmədən ildırım sürəti ilə bütün rayona yayılıb. C.Azadov da bundan xəbər tutub. O, barmağını dişləyib, mətbəəyə buraxmadığı şəxsin Mircəfər Bağırov olduğunu anlayıb.
Qonaq rayon partiya komitəsində onu mətbəəyə daxil olmağa qoymayan çapçının dərhal qəbuluna gətirilməsini tələb edib. Raykomun işçiləri tez əl-ayağa düşüblər. Təlimatçılardan biri Cavad kişinin ardınca gedərək onu Mircəfər Bağırov çağırdığını və birlikdə raykoma gedəcəklərini deyib. Bundan bərk həyəcana düşən Cavad kişi bu çağırışın nə ilə nəticələcəyini yaxşı anladığından mütləq güllələnəcəyini yəqin edib. Odur ki, geyinib ailəsi və uşaqları ilə görüşüb, halallaşıb, tələsik təlimatçı ilə bərabər raykoma gəlib. Başıbəlalı çapçı zorla “rəhbərin” qəbuluna aparılıb.
Lakin orada tamam başqa bir mənzərə yaranıb. Mircəfər Bağırov gözlənilmədən üzünü raykomun birinci katibinə tutaraq, belə bir məsuliyyətli mətbəə işçisinin təcili partiya sıralarına qəbul olunması və əməkhaqqının artırılması göstərişini verib. Bu tapşırıq həmin andaca yerinə yetirilib.
Ölümünü gözünün önünə alan C.Azadov sağ qalmağından sevinərək evinə dönüb. Dediyinə görə, o, uzun müddət rastlaşdığı bu qəribə hadisənin təsiri altında yaşayıb, ömrünün sonuna kimi onu unutmayıb. Cavad kişi öz iş yoldaşlarına, tanıdığı şəxslərə Mircəfər Bağırovla bağlı tez-tez söhbət açırmış. Qocaman çapçının başına gələnlər bu gün də rayonda danışılır, xatirələrdə vərəqlənir…
Yəhya PAŞAZADƏ