Son vaxtlar Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən daxil olmuş vətəndaş müraciətlərinin həlli istiqamətində müvafiq addımlar atılır. Xüsusilə 2022-ci ilin yanvar-mart aylarında rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş vətəndaş müraciətlərinə baxılması, əhalini narahat edən problemlərin yerində öyrənilməsi, səbəblərinin araşdırılması və təhlili sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımı tədbirlər həyata keçirilib və nəticələri barədə aidiyyatı üzrə cavablar ünvanlanıb.
Müraciətlərin araşdırılması göstərir ki, həmin dövr ərzində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının aparatında bölgənin şəhər, qəsəbə və kənd inzibati ərazi dairələrində Mərkəzi İcra Hakimiyyəti Orqanlarına ünvanlanmış və baxılması üçün rayon icra hakimiyyətinə göndərilmiş 238, yerlərdən isə 262, cəmi 500 ədəd yazılı müraciət araşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 509 ədəd az olub. Prezident Administrasiyasına ünvanlanmış vətəndaş müraciətləri keçən illə müqayisədə 250 (64,4 %) ədəd az olmuşdur.
O cümlədən qeyd olunan dövrdə daxil olan 500 ədəd vətəndaş müraciətinin 30 ədədinə rayon icra hakimiyyəti başçısı tərəfindən nəzarət qaydasında, 470 ədədinə isə nəzarətə alınmadan baxılıb. Göstərilən müraciətlərin 178 ədədi müsbət, 9 ədədi qismən həllini tapıb. Onların 2 ədədi əsassız hesab edilib, 258 ədədinə müvafiq izahat verilib, 52 ədədi isə icraata alınıb.
Qeyd edək ki, 500 ədəd müraciətdən 56 ədədini fərdi və kollektiv qaydada olan müraciətlər təşkil edib. Vətəndaş müraciətlərinin operativ cavablandırılması, yerində həll edilməsi, vətəndaşların razılığının təmin olunması üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin nəzdində 16 mart 2020-ci il tarixdə yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzi (MOB) mühüm rol oynayıb. Təhlilər göstərir ki, Müraciətlərə Operativ Baxılma (MOB) mərkəzinə olunan müraciətlərin həlli zamanı şəffaflıq 100% təmin olunmuş, vətəndaş məmunluğu ayrı-ayrı aylarda 80-81% təşkil edir.
Təsadüfi deyildir ki, cari ilin yanvar-mart aylarında sözügedən mərkəzə daxil olmuş 339 vətəndaş müraciətindən 276 ədədi (81,4%) müsbət həll olunmuş, 23 ədədi qismən təmin olunub. Araşdırma zamanı onlardan 19 ədədi əsassız olduğu üçün imtina edilib, 21 ədədi rayon icra hakimiyyətinin səlahiyyətləri daxilində olmadığı üçün müvafiq qanunvericilik qaydalarına əsasən izah edilməklə lazımi istiqamət verilib. Göstərilən dövrdə Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri və ehtiyata buraxılmış hərbi qulluqçuların sosial müdafiəsi diqqət mərkəzində saxlanılıb və lazımi ölçülər götürülüb. Həmin müraciətlər əsasən, işlə təmin olunma, özünüməşğulluq proqramına cəlb edilmə, maddi köməklik, mənzil növbəsinə alınma, kirayə haqqının verilməsi, əlilliyin müəyyən edilməsi, fərdi yaşayış evi tikmək üçün həyətyanı və sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsinin ayrılması məsələləri ilə əlaqədar olub. Müraciət edən 15 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlili rayon icra hakimiyyətində mənzil növbəsinə götürülüb. Onlardan 6 nəfərinə müvafiq köməklik olunub, 4 nəfər ehtiyata buraxılmış hərbi qulluqçuya isə kirayə haqqı hesablanaraq ödənilib. Digər müraciət edənlərin ərizələri isə baxılmaq üçün aidiyyatı qurumlara göndərilib.
2022-ci ilin müvafiq dövründə Azərbaycan Respublikası Prezidentinin qəbulunda olmaq üçün 7 nəfər müraciət edib ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 nəfər azdır.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların müraciətlərinə baxılması və qəbulu hər gün, həftənin bazar günləri də daxil olmaqla Müraciətlərə Operativ Baxılması Mərkəzi vasitəsi ilə həyata keçirilir.
Rayon icra hakimiyyəti başçısının fəaliyyəti barədə daxil olunan müraciətlərdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, vətəndaşlar və kollektiv qaydada rayon rəhbərinə ünvanlandıqları müraciətlərində ərizələrinə operativ qaydada baxılaraq cavab verildiyinə, problemlərinin müsbət həllində onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Cari ilin yanvar-mart aylarında Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən pandemiya qaydaları gözlənilməklə RİHB aparatında 3 qəbul keçirilib. Onlardan 117 nəfər vətəndaş əyani, 57 nəfər isə onlayn qaydada olmaqla cəmi 174 vətəndaş qəbul edilib. Həmçinin rayon icra hakimiyyəti başçısı tərəfindən 21 nəfər şəhid ailəsi və qazi fərdi qaydada ziyarət olunaraq yerində qəbul olunub. Rayon rəhbəri tərəfindən yerlərdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, Qarabağ müharibəsi əlilləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 4 səyyar qəbul keçirilib, 220 nəfər vətəndaş iştirak edib və 21 məsələ qaldırılıb.
Səyyar qəbullarda qaldırılan məsələlər əsasən, suvarma suyu, içməli su, subartezian quyularının qazılması və bərpası, sahibkarlıq obyekti və əkin üçün torpaq sahəsinin ayrılması, qaz çəkilişi, kabelləşmə və digər məsələlər olub. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, qalan digər problemlərlə bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb və həllinə qismən nail olunub.
Hüseyn QULUZADƏ