TƏHSİL SİSTEMİNİN İNKİŞAFI SİNERGETİK METODLAR KONTEKSTİNDƏ

         Müasir dövrdə təhsil sisteminin inkişafı ən aktual çağırışlardan biridir. Hər bir problemin həlli müvafiq paradiqmaların düzgün qoyuluşundan asılıdır. Bu baxımdan da milli təhsilimizin inkişafına yeni elmi metodların tətbiqi məsələləri müasir dövrün ən çox müzakirə olunan mövzularından birinə çevrilmişdir. Elmi yanaşmanı adi fəaliyyətlərdən fərqləndirən cəhətlərdən biri onun mükəmməl təcrübələrin nəticələrinə əsaslanmasıdır. Elmi nəticə elmin öz hüdudları çərçivəsində və bu çərçivədən kənarda–təhsil sferasında, tətbiqi sferalarda fərqli şəkildə ifadə olunur. Bu nəticələrdən səmərəli səviyyədə faydalanmaq üçün əldə edilən informasiyalar və nəzəriyyələr elə bir şəkildə təqdim edilməlidir ki, onlar problemin mahiyyətini zamanında dərk etməyə yardımçı olsun. Elmi fəaliyyətin nəticələrinin təhsilə tətbiq edilməsi onun elmi nəzəriyyənin kontekstindən ayrılmış formada, dar bir çərçivədə istifadəsini inkar edir.

Təhsil sisteminin bir sistem olaraq mövcudluğunun qəbul edilməsi onu təşkil edən komponentlərinin, sistem-element münasibətlərinin müəyyən zaman kontekstində keçdiyi təkamül yolu ilə sadə, primitiv münasibətlərdən mürəkkəbləşməyə qədər yol keçərək özünütəşkil, özünümürəkkəbləşmə, özünümükəmməlləşmə səviyyəsinə yüksəlməsi prosesi özünü sinergetik paradiqmalar ölçülərində göstərir. Belə ki, müasir dünyamızın təhsil sistemləri, o cümlədən dünyaının müasir dərketmə mənzərəsinin təhsilə qlobal kontekstdə yanaşmanı tələb edir. Bir tərəfdən hər bir ölkənin təhsil sisteminin özəllikləri, digər tərəfdən bu özəlliklərin məhsullarının dünya təhsil sisteminə inteqrasiyası məsələləri ən aktual problemə çevrilmişdir. Milli təhsilimizin dünyanın aparıcı qütblərinin təhsil sisteminə inteqrasiyası birmənalı olaraq onun dünyanın təhsil sisteminin nailiyyətlərindən və təcrübəsindən bəhrələnməsini, yeniliklərin tətbiqini tələb edir.

Müasir elmi araşdırmalar, elmi-metodoloji yanaşmalar gələcək nəslin təhsili prosesində nələrin öyrənilməsinin, bu mənimsənilmiş biliklərin nə üçün zəruri olduğunu dərk etmək günün əsas tələblərindən biridir. Bu səbəbdən də ölkəmizin təhsil sisteminin inkişafının təhsil elminin inkişafı üçün deyil, həm də mövcud sosial problemlərimizin perspektivi üçün lazımdır.

Müstəqillik illərində ölkəmizin təhsil sistemində təzahür edən proseslər heç də birmənalı istiqamətdə olmamışdır. Biz bu illər ərzində sovet təhsil sisteminin tərəfdarları ilə yenilikçi kimi çıxış edənlər arasında gedən kəskin mübarizənin şahidi olmuşuq. Məsələ burasındadır ki, bu mübarizə məhz təhsil sistemində özünü daha qabarıq göstərirdi. Hələ də sovet dövrünün təhsil sisteminin üstünlüklərinin tanınmış elm-təhsil işçilərinin çıxışlarında görürük. Bunun keçici olduğunu vurğulasaq da, hələ də bütün təhsil sistemimizdə (bir neçə son zamanlar yaradılmış pilot xarakterli təhsil ocaqları istisna olmaqla) ağır bir yük qalmağını müşahidə edirik. Ümid edək ki, bu pilot təhsil ocaqlarının alovları daha mükəmməl təhsil sisteminin formalaşmasını sürətləndirəcək, zəruri inkişaf istiqamətində yol xəritəsinin əsasını qoyacaqdır.

Bir çox tədqiqatçılar son yüzillikdə dünya təhsil sistemində islahatların aparılmasının əsas səbəbini keçən əsrin ikinci yarısından etibarən dünya elmində baş verən sıçrayışın təhsil sistemi ilə uyğunlaşdırılması sahəsində yaratdığı ciddi böhranlarla əlaqələndirirlər.

Təhsilin inkişafına sinergetik yanaşma heç də cansız materiyanın təkamül mexanizmində onu təşkil edən komponentlərin qarşılıqlı təsirləri ilə uyğunluğu demək deyil.

Son illər iqlim haqqında məlumatların dəqiq olması sinergetik yanaşma üsulu ilə kompleks analizin aparılmasının nəticəsidir. Dərman və vitaminlərin son illər sinergetik yolla istehsalı onların keyfiyyətinin əsaslı şəkildə effektli olmasına gətirib çıxarıb.

Biz artıq kainatın yaranmasının başlanğıcını “seyr etmək” üçün zəruri kompüter proqramlarına malikik. Məhz elmin bu səviyyə qədər inkişaf etməsi sayəsində biz bu alətlərə malik olmuşuq. İnsanlar indi 200 il ərzində toplanan məlumatları bir neçə saata təhlil etməyə qadirdir. 200 il bundan əvvəldən fərqli olaraq, indi insanlar çox böyük həcmdə olan informasiyanı çox böyük sürətdə də qəbul və emal etməyə nail olmuşlar.

Bütün elm sahələrində baş vermiş sıçrayışlı dəyişikliklərin ardınca zəruri kadr hazırlığı prosesini həyata keçirə biləcək təlim-tədris sisteminin formalaşdırılması günün əsas tələblərindən biridir. Belə ki, təbiətşünaslıqda indiyə kimi 4 dəfə elmi inqilab baş vermişdir. Onlar arasında keçən zamanın sürətlə qısalması elmin zamandan asılı olaraq sürətlə inkişafının əyani göstəricisidir. Məsələn, birinci elmi inqilabla ikinci inqilab arasında iki min il müddət keçdiyi halda, ikinci ilə üçüncü arasında iki yüz il, üçüncü ilə dördüncü arasında isə cəmi yüz ildən də az vaxt keçmişdir. Bütün bunlar təhsil sisteminin qarşısında sürətli, keyfiyyətli və səmərəli işləməyi əsas vəzifə, tələb kimi qoyur.

Dərinləşən sosial-iqtisadi və siyasi böhranlar fonunda yaranan problemlər hər addım öz elmi izahını tələb edir.

Keçən əsrin 70-ci illərində cəmiyyətin mənəvi həyatına yeni elmlərarası sinergetik istiqamətdə tədqiqatın daxil olması ümumi sistem nəzəriyyəsinə “sinergetik yanaşma” adlanan yeni tipli, açıq mürəkkəb sistemlərin öyrənilməsi təlabatını yaratmışdır. Belə istiqamətin obyekti müasir elmi idrakın aparıcı istiqamətlərindən olub, yeni keyfiyyətyönümlü, açıq, tarazlıqdan uzaq, qeyri-xətti mürəkkəb sistemlərdir. Digər tərəfdən, sistemli tədqiqatın metodoloji problemlərinin həlli və həm də bütövlükdə sistemli yanaşmanın sonrakı tərəqqisi baxımından da maraq kəsb edirdi.

Həmin dövrdə məşhur alman fiziki və riyaziyyatçısı G.Haken və ondan asılı olmayaraq görkəmli Belçika fiziki və kimyaçısı İ.Priqojin tərəfindən yeni elmlərarası istiqaməti müəyyən edən, açıq, mürəkkəb və tarazlıqdan uzaq olan sistemlərin özünütəşkil nəzəriyyəsi kimi tanınan və yeni bilik sahəsini əhatə edən “sinergetika” elmi sanki bu universal konsepsiyanın yaranmasından xəbər verirdi.

Sinergetika ayrı-ayrı fənlərdən fərqli olaraq müxtəlif sistemlərdə (təbiət və cəmiyyət) özünütəşkil proseslərinin ümumi qanunauyğunluqlarını öyrənir. Açıq və mürəkkəb sistemlərin özünütəşkil proseslərinin riyazi modelləşdirilməsində istifadə olunur.

Sinergetikanın inkişafında Qərb və rus alimləri ilə yanaşı Ə.Abasov, A.Abbasov, F.Qurbanov, T.Allahyarova, Ə.Məmmədovu, M.Mahmudov, Z.Şabanov, R.Bəşirov, B.İsmayılov kimi Azərbaycan alimləri öz töhfələrini vermişlər.

Son 20 ildə Azərbaycanda bu və ya digər dərəcədə Səlahəddin Xəlilov, Həsən Quliyev, Şahlar Əskərov, Asəf Hacıyev, Əli Abasov və başqaları ölkəmizdə elmin və təhsilin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı araşdırmalar aparmışlar. Ə.Abasov elmi işin və təhsilin səviyyəsinin dəyərləndirilməsi sahəsində dünyada mövcud praktikalardan bəhs edir, MDB ölkələri ilə müqayisələr aparır. Bu problemlər əslində bilavasitə elmşünaslıq məsələləridir və bu mövzuda, təəssüf ki, geniş tədqiqatlar aparılmır.

Son illərdə “elm fəlsəfəsi”, “elmin metodologiyası” ilə bağlı araşdırmalarda əvvəl yazılanlar, təəssüf ki, nədənsə nəzərə alınmır.

Müasir dövrün məntiqi inkişafı mövcud sivilizasiyaya və elmi-texniki səviyyəyə qovuşmaq üçün inkişaf etmiş Qərb ölkələrinin keçdiyi yolun bizim tərəfimizdən də keçməli olduğunu qaçılmaz edir. Bunun üçün, əlbəttə, tarixi də, iqtisadiyyatı da, müasir dünyanın inkişaf meyllərini də gözəl bilmək tələb olunur.

Azərbaycanda elm haqqında düşüncələrin və dilimizdə nəşr olunmuş məqalə və kitabların ümumiləşdirilməsi və tənqidi-təhlil süzgəcindən keçirilməsi, bu problematikaya bizim öz baxış bucağımızın formalaşması məqamı artıq çoxdan çatmışdır. Bu baxımdan, Həsən Quliyevin Azərbaycan gerçəkliyini nəzərə alan sonuncu monoqrafiyası xüsusi əhəmiyyətə malikdir. Müəllif bu kitabda əvvəlcə ümumiyyətlə elmdən, müasir dövrdə onun əhəmiyyətindən, elmilik meyarlarından; rasionallıqdan, obyektivlikdən, elmin inkişaf qanunauyğunluqlarından bəhs edir, sonra isə onun bir ictimai sistem kimi, habelə bir mədəniyyət hadisəsi kimi xüsusiyyətlərini araşdırır, bir sözlə, Azərbaycan oxucusunda elm haqqında hərtərəfli təsəvvür yaratmağa çalışır.

Real praktik şəraiti və ictimai tələbatı nəzərə almadan, sadəcə təhsili inkişaf etdirmək, amma bunun kimin üçün kadr hazırladığını və hazırlanmış bu kadrlardan kimlərin faydalandığını bilməmək müasir dövrdə yolverilməz haldır. Əlbəttə, alim düşünə bilər ki, bu daha mənim işim deyil, bunu da qoy Təhsil Nazirliyi düşünsün. Təhsil–Elm–Texnika–Texnologiya–Sənaye–İstehlak zəncirində hər bir mərhələ tam müstəqil bir dəyər və həmin böyük zəncirin tərkib hissəsi müəyyən ideoloji yönə malik olmalıdır.

Bu vəzifənin həyata keçirilməsində əsas ağırlıq təhsil sisteminin və kütləvi informasiya vasitələrinin üzərinə düşür.

Mahir SƏLİMOV,

ADPU Ağcabədi filialının direktor müavini,

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər