Bu yaxınlarda ADPU Ağcabədi filialı Tələbə Gənclər Təşkilatına seçkilər keçirilib.
Seçkidə filialın direktoru Mobil Məcidov, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov və gənclər sahəsi üzrə aparıcı məsləhətçi Cavid Bünyadov iştirak etmişlər. Tələbə Gənclər tərəfindən gizli (qapalı) səsvermə yolu ilə keçirilən seçkilərdə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Zeynalova Mədinə Cəlal qızı sədr, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ilinin tələbəsi Həsənov Vüqar Həsən oğlu isə sədr müavini seçilmişlər.
Tədbirdə ADPU-nun Ağcabədi filialının direktoru Mobil Məcidov çıxış edərək bildirmişdir ki, filialımız daim savadlı, aktiv tələbələrə hərtərəfli qayğı göstərməyə hazırdır. Tələbə Gənclər Təşkilatı universitetdə tələbələr tərəfindən böyük ehtiyac duyulan qurum hesab olunur. Odur ki, bu təşkilata böyük ehtiyac var.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov tədbirdəki çıxışı zamanı Azərbaycanın bütün sahələrdə inkişafında aparılan uğurlu gənclər siyasətindən danışıb. O, ölkəmizdə gənclər siyasətinə və könüllülük hərəkatına böyük önəm verildiyini vurğulayıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, bacarıqlarının üzə çıxarılması, dövlətimiz tərəfindən tələbələrə göstərilən diqqət və qayğıdan bəhs edib.
Çıxış edənlər yeni seçilmiş sədrə və onun müavininə gələcək işlərində uğurlar arzulayıblar.
Sonda ADPU Ağcabədi filialı Tələbə Gənclər Təşkilatının yeni seçilmiş sədri Mədinə Zeynalova söz alaraq, ona göstərdikləri yüksək etimada görə hər kəsə minnətdarlığını bildirib.