Sovet dövlətinin ötən əsrin 60-cı illərində həyata keçirdiyi rayonların birləşdirilməsi siyasəti Ağcabədi və Ağdam rayonlarından da yan keçməyib. 1962-ci ildə bu rayonlar da birləşdirilərək, mərkəzləşdirilmiş qaydada idarə olunmağa başlayıb. Mərkəz Ağdam hesab edildiyinə görə, hər iki inzibati ərazi vahidi üzrə rəhbər orqanlar, idarə və müəssisələr burada fəaliyyət göstərməli olub. Elə bu səbəbdən də rayonumuzda o vaxtlar nəşr olunan “Ağcabədi pambıqçısı” qəzeti fəaliyyətini dayandırıb. Həmin dövrdə Ağdamda “Lenin yolu” adlı qəzet çap olunub. Rayonların birləşdirilməsi digər bölgələrdə olduğu kimi, Ağcabədidə də əhali tərəfindən ciddi etirazla qarşılanıb.
Sovet hökumətinin birləşdirmə siyasəti uğursuzluqla nəticələndikdən sonra Ağcabədi və Ağdam rayonları bir-birindən ayrılıb. Yerli idarəetmə orqanları yenidən müstəqil olaraq işlərini davam etdirib. 1966-cı ildən “Ağcabədi pambıqçısı” qəzeti “Sürət” adı altında fəaliyyətini bərpa edib.
Qəzetin redaktoru vəzifəsinə tanınmış jurnalist Sərdar Mehdiyev təyin olunub. Sərdar Dadaş oğlu Mehdiyev 1933-cü ildə Ağdamda anadan olub, 1953-cü ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirib. O, 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində ali təhsil alıb. 1967-1969-cu illərdə isə Bakı Ali Partiya Məktəbində oxuyub. Peşəkar jurnalist, bacarıqlı qələm sahibi uzun illər müxtəlif rayon qəzetlərində çalışıb. O, 1958-1966-cı illərdə Zaqatalanın “Qırmızı bayraq” qəzetində, 1962-1966-cı illərdə isə Ağdamın “Lenin yolu” qəzetində məsul katib, fasilələrlə 1970-1989-cu illərdə Ağcabədinin “Sürət” qəzetində redaktor, 1989-1991-ci illərdə “Qarabağ” və 1991-2001-ci illərdə “Xocalının səsi” qəzetlərində redaktor vəzifəsində səmərəli fəaliyyət göstərib. Sərdar müəllim xüsusi xidmətlərinə görə “Həsən bəy Zərdabi” və “Qızıl qələm” mükafatlarına layiq görülüb.
S.Mehdiyev “Sürət” qəzetinə rəhbərlik etdiyi dövrdə fədakarlığı sayəsində redaksiya kollektivi və rayon əhalisi arasında böyük hörmət və nüfuz qazanıb. Həmin illərdə qəzetin fəaliyyəti xeyli genişlənib. Səriştəli mütəxəssis özünü qayğıkeş, mehriban, sadə və səmimi rəhbər işçi kimi tanıdıb. Bu səbəbdən də bütün kollektiv üzvləri və rayon sakinləri tərəfindən sevilib, sayılıb-seçilib. Təsadüfi deyildir ki, bu təvazökar insanın, bacarıqlı mətbuat işçisinin adı bu gün də Ağcabədidə hörmət və ehtiramla yad edilir.
Tanınmış jurnalist, gözəl insan 2002-ci ildə Bakı şəhərində dünyasını dəyişib.
Yəhya PAŞAZADƏ