“Poliqon” strateji intellekt oyununun növbəti turu

Aprelin 12-də “Poliqon” strateji intellekt oyunu üzrə II çağırış kubokunun növbəti turu Ağcabədidə keçirilib. Qarabağ Muğam Mərkəzində təşkil olunan yarışda rayonun ümumtəhsil məktəblərindən olan 8 komanda iştirak edib.

Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, iştirakçılara yarış haqqında məlumatı çatdırıb, onlara uğurlar arzu edib. Yarış iştirakçılarına müxtəlif mövzuları əhatə edən suallar ünvanlanıb. 

Yekun nəticələrə görə M. Aranlı adına şəhər 11 saylı tam orta məktəbin şagirdlərindən ibarət komanda I yerə layiq görülüb.

İntellektual oyunun keçirilməsində məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn məsələlərin həlli, gənclər arasında xalqımızın tarixinin öyrənilməsi, mədəniyyət, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ruhunun aşılanması və asudə vaxtlarının səmərəli təşkilindən  ibarətdir.

Qeyd edək ki, “Poliqon” strateji intellekt oyunu Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Rəmziyyə HƏSƏNOVA

Şərhlər