İctimai birliyin növbəti tədbiri Ağcabədidə

         Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Qadınları Cəmiyyəti İctimai Birliyi bu ilin yanvarından başlayaraq Bakı şəhərində, Ağdam və Ağcabədi rayonlarında “Müharibədə əziyyət çəkən şəhid ailələrinə, qazilərə və qadınlara psixoloji dəstəyin göstərilməsi” çərçivəsində növbəti tədbirini Hindarx qəsəbəsindəki 2 saylı ümumi orta məktəbdə keçirmişdir. Tədbirdə bu gün Milli Ordunun dünya miqyasında ən güclü ordular sırasında olmasından, şəhid ailələri üzvlərinin, sağlamlığını itirmiş hərbçilərimizin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılmasında dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən söhbət açılmışdır.

Şəhid ailələrinin, qazilərin, müharibə veteranı, müəllim və məktəblilərin iştirak etdiyi yığıncaqda çıxış edən “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İB-nin sədri Bahar Qasımova, sədr müavini, jurnalist-psixoloq, ailə məsələləri üzrə rəsmi ekspert Vəfa Abbasova, sosioloq Sevda Nəcəfova, hüquqşünas Ağamirzə Bağırov əhalinin sosial, psixoloji durumunun yaxşılaşdırılması sahəsində dövlət tərəfindən göstərilən dəstək, hüquqi maarifləndirmənin vacibliyi, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, şəhidlik zirvəsinə ucalanların xatirəsinin əbədiləşdirilməsi, gənclərin mübariz ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən geniş və ətraflı söz açıblar. Qeyd olunub ki, İctimai Birlik tərəfindən belə məqsədəuyğun tədbirlər müntəzəm keçirilir və bu layihə may ayınadək davam edəcək.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə və qazilərə müvafiq sosial və hüquqi yardım göstərilərək, onlarla yaranan münasibətlərin gələcəkdə daha da sıx olacağı nəzərə çatdırılmışdır.

Adil MİSİRLİ

Şərhlər