Qızlarımız təhsil almaq istəyirlər
Ağcabədi Rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi və Ağcabədi Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində həyata keçirilən “Erkən nikaha yox de” maarifləndirmə tədbirləri aprelin 19-da Kürdlər kənd tam orta və Sarvanlar kənd ümumi orta məktəblərində davam etdirilib.
Tədbirlərdə Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, Təhsil şöbəsinin metodisti Nəzakət Abbasova, “Aran” qəzetinin redaktoru Məhsəti Musa iştirak ediblər.
Görüş öncə Kürdlər kənd tam orta məktəbində keçirilib. 8-11-ci siniflərin qız şagirdləri,məktəb psixoloqu və digər müəllimlərin də iştirakı ilə keçirilən tədbiri açan Vüsalə Məmmədova mövzu ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, erkən nikah yaşı 18-dən az olan uşaqların və ya yeniyetmələrin nikaha daxil olmasıdır. Uşaqların müdafiəsi baxımından 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasına istinad edən V.Məmmədova bildirib ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə ,ərə verilə bilməz. Bunun üçün isə Azərbaycanda qızlar və oğlanlar üçün yaş həddi 18 yaşdır. Bu yaşdan əvvəl həyata keçirilən evliliklər erkən evlilik hesab olunur və qanun pozuntusu sayılır. Qızlarımızı erkən nikaha daxil olmağa məcbur edən şəxslərə 4 ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Daha sonra söhbəti Ağcabədi Rayon Təhsil Şöbəsinin əməkdaşı Nəzakət Abbasova davam etdirib. O, erkən nikah və xüsusən kənd yerlərində qeydə alınan qohumlar arasında nikahın mənfi nəticələrindən söz açıb. Qızların təhsilə,müxtəlif peşə və bacarıqlara yiyələnməsinin,dünyagörüşünü artırmasının vacibliyini vurğulayıb. Öz ayaqları üzərində dayana bilmək,cəmiyyətə yararlı vətəndaş olmaq, gələcəkdə də layiqli övladlar yetişdirmək üçün qızlarımzın erkən nikaha yox deyə bilməyi bacarmalı olduqlarını çatdırıb.
“Aran” qəzetinin redaktoru Məhsəti Musa öz çıxışında erkən nikaha qarşı maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, erkən nikahın azyaşlılara vurduğu mənəvi,psixoloji,fiziki zədələrdən söz açıb, həyati misallar gətirməklə şagirdlərdə müəyyən təsəvvürlərin formalaşmasına nail olub. O, təntənəli nişan,toy mərasimlərinin gözqamaşdırıcılığından,bahalı zinət əşyalarının, geyimlərin yeniyetmə qızlarımızda yaratdığı evlilik meyillərindən söz açaraq bütün bunların müvəqqəti olduğunu diqqətə çatdırıb. Məhz evlilik həyatına atılandan sonra başlanan problemlərdən danışıb. Qızları təhsildən yayınmamağa, onlarla əşya kimi davranılmasına icazə verməməyə, özlərinə güvənməyə, bunun üçün isə öz hüquqlarını bilməyə, gələcək həyatlarında çətinliklərdən çıxış yolu tapa bilmək üçün müəyyən sənət,peşə qazanmağa çağırıb.
Sonra şagirdlərlə fikir mübadiləsi aparılıb,onları maraqlandıran suallar cavablandırılıb.
Növbəti görüş Sarvanlar kənd ümumi orta məktəbində təşkil edilib. V.Məmmədova,N,Abbasova, M. Ağayeva və məktəbin direktoru R.Allahverdiyeva şagirdlərlə qarşılıqlı ünsiyyət zamanı erkən nikahla bağlı maarifləndirici söhbətlər aparıblar. Şagird qızlarımızı narahat edən məsələlər, verdikləri təkliflər müzakirə olunub,sualları cavablandırılıb.






