Ağcabədidə gənclər arasında sağlam həyat tərzinin təbliği müzakirə olunub

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliği” mövzusunda görüş keçirilib.

Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə təbliğindən danışıb. Bildirib ki, bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilərək sosial siyasətlə bilavasitə və sıx əlaqədədir. Son illərdə ölkəmizdə bədən tərbiyəsi və idman hərəkatı üçün yaranmış imkanlar, həyata keçirilən konkret tədbirlər bu sahədə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə qazanılan uğurlar bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritetlərindən birinə çevirib.

Təhsil şöbəsinin metodisti Baxşeyiş Məmmədov çıxışında qeyd edib ki, gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliği üçün Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planına əsasən bədən tərbiyəsi və idman sahəsində aparılan təbliğat və təşviqat işlərinin genişləndirilməsi məqsədilə müxtəlif yaş qrupları üzrə idman tədbirlərinin, yarışların keçirilməsi təşkil edilib. Bu sahədə tədbirlərin təşkilinə bundan sonra da xüsusi diqqət yetiriləcək.

Digər çıxış edənlər gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ olunması ilə bağlı müxtəlif səpkidə tədbirlərin o cümlədən atletika, şahmat, poliatlon çoxnövçülüyü, voleybol və futbol idman növü üzrə yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Mənbə : AZERTAG.AZ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər