Cəsarət və vətənə, millətə sədaqət nümunəsi

Ötən yüzilliyin 70-ci illərinin ortalarından başlayaraq, SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilib. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan ulu öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirib.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumağa nail olub.

Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da Ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir.

Ulu öndər Heydər Əliyev Ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizə aparıb. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Onun rəhbərliyi altında Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər Ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən ümummilli lider Azərbaycan dilinin adını xalqımıza qaytarıb. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülüb. Bu təkliflərin çox böyük əksəriyyətində dövlət dilinin Azərbaycan dili adlandırılması fikri dəstəklənirdi. Nəhayət, geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Bundan sonra Ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilib.

Ulu öndər Heydər Əliyev dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb.O, dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edib. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb.

Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən ulu öndərin “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

2022-ci il 30 sentyabr tarixdə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə xüsusi əhəmiyyət kəsb edib. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradıb. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlamağa xidmət edir.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər