Daha 4 məktəbdə erkən nikahlara qarşı maarifləndirmə tədbirləri keçirilib

Şagirdlər də erkən nikaha yox dedilər

    Hər il ən azı 12 milyon qız 18 yaşına çatmadan evlənir və ya buna məcbur edilir. Bu isə hər dəqiqədə 28 qızın erkən nikaha daxil olması deməkdir. UNICEF-in məlumatına görə,  ən zəif inkişaf etmiş ölkələrdə bu rəqəm iki dəfə artıqdır.

    Ölkəmizdə bu halların qarşısının alınması üçün müvafiq tədbirlər görülür. Amma təəssüf ki, hələ də erkən nikah mövzusu aktual olaraq qalmaqdadır. Bu tədbirlərin istiqaməti dəyişmək,auditoriyanı düzgün seçmək,keçirilən tədbirdən real nəticə almaq üçün Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunan “Erkən nikaha yox de” maarifləndirici tədbirlərinin böyük rol oynayacağı göz önündədir.

    Aprelin birindən başlayan tədbirlərdə icra hakimiyyətinin  əməkdaşları ilə yanaşı təhsil və səhiyyə işçiləri,digər ziyalılar  da iştirak edir, şagirdlərə erkən nikahın fəsadları haqqında ətraflı məlumat verir,fikir mübadiləsi aparırlar.

    Növbəti belə tədbir Aran kənd 1 saylı tam orta, 2 saylı ümumi orta, Qaradolaq, Kəbirli kənd tam orta məktəblərində olmuş 8-11-ci siniflərin qız şagirdləri ilə ətraflı söhbətlər aparılmışdır.Tədbirlər də Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva , “Aran” qəzetinin redaktoru Məhsəti Musa və digərləri çıxış ediblər.

     Sevinc Niftalıyeva bildirib ki, maarifləndirmə tədbirlərinin keçirilməsi üçün 3 qrup yaradılıb və həmin qrupların iştirakı ilə artıq rayon ərazisindəki ümumtəhsil məktəblərinin yarıdan çoxunda şagirdlərlə söhbətlər aparılıb. O, öz çıxışında erkən nikahın yaratdığı problemlərlə yanaşı qohum evliliklərinin hansı fəsadlara yol aça bildiyindən, gələcək övladların sağlamlığı naminə bu evliliklərdən imtina etməyin vacibliyindən söz açıb. Həmçinin qızların gigiyenik qaydalara riayət etməsi, əxlaqi məsələlərdə diqqətli olması mövzusunda da ətraflı danışıb, istiqamətverici söhbətlər edib. Çıxış zamanı Sevinc Niftalıyeva şagirdlərə öz hüquqlarını bilməli olduqlarını, erkən nikaha,qohum evliliklərinə təhrik edildikləri halda atmalı olduqları lazımi addımlarla bağlı məlumat verib.

      “Aran” qəzetinin redaktoru Məhsəti Musa  erkən nikahla bağlı fikirlərini müəyyən misallar əsasında şagirdlərin diqqətinə çatdırıb. Valideynlərin bəzən evə,var-dövlətə həvəsiyib övladlarını düşünmədən ailə qurmağa məcbur etməsini təəssüf hissi ilə qeyd edərək bəzən qızalarımızın da bu işıltıya aldandığını, həmin toy-büsat bitdikdən sonra isə çiyinlərinə götürə bilməyəcəkləri bir ailə yükünün altına girdiklərini anladıqlarını bildirib. Uşaqlıq və gənclik illərini doya-doya yaşamadan birbaşa ailə həyatına atılan, qadın olmağa,ana olmağa həvəs göstərən və ya məcbur edilən qızlarımızın yaşadığı sarsıntılardan,aldıqları psixoloji,mənəvi və fiziki zədələrdən söz açıb. O,sonradan peşimançılıq yaşamamaq üçün təhsilin,peşə qazanmağın vacibliyini vurğulayıb.

      Sözügedən məktəblərin direktorları da mövzu ilə bağlı fikirlərini bölüşüb, bu kimi halların qarşısının alınması üçün əllərindən gələni etdiklərini bildiriblər.

     Sonda şagirdlərin fikirləri öyrənilib, onların təhsil almaq istədikləri,erkən nikahlara qarşı olduqları aydın olub, müəyyən sualları cavablandırılıb.

Şərhlər