Şərəfxanlı və Taynaq kəndlərində də maarifləndirmə tədbirləri keçirildi
Ağcabədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başladılan “Erkən nikaha yox de” maarifləndirmə tədbirləri diqqət mərkəzindədir. Rayonun bütün orta təhsil müəssisələrini əhatə edən bu tədbirlərlə bağlı minnətdarlığını bildirən,bu təşəbbüsü alqışladığını qeyd edən insanların sayı günbəgün artır.
Aprel ayının birindən etibarən başladılan tədbirləri 3 qrup icra edir.
Aprelin 21-də də həmin qruplar işlərini davam etdirərək onlar üçün müəyyən edilmiş məktəblərdə olublar.
Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai – Siyasi Humanitar məsələlər şöbəsinin əməkdaşı Rahilə Şükürova, Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin nümayəndəsi, mama –ginekoloq Tünzalə İsmayılova, “Aran” qəzetinin redaktoru Məhsəti Ağayevanın iştirak etdiyi qrup Taynaq kənd tam orta məktəbində 8-11-ci siniflərinin qız şagirdləri ilə görüşüblər. Görüşdə məktəbin bəzi qadın müəllimləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Rahilə Şükürova dünyada və Azərbaycanda nikah üçün müəyyən edilən yaş həddindən söz açıb, müqayisələr aparıb. Azərbaycanda erkən nikaha məruz qalanların hələ də var olmasını, xüsusilə bunun kəndlərimizdə daha qabarıq göründüyünü diqqətə çatdırıb.Qızlarımızı təhsilə,müxtəlif peşələrə yiyələnməyə dəvət edən R.Şükürova onlara öz hüquqlarını bildikləri halda heç kimsə tərəfindən erkən nikaha cəlb edilməyəcəklərini, bunun üçün müvafiq yerlərə müraciət etməli olduqlarını izah edib. Bildirilib ki, yetkinlik yaşına çatmayan şəxsi erkən nikaha məcbur edənləri 4 ilədək həbs cəzası gözləyir.Həmçinin bununla bağlı cərimələr də müəyyən edilib. O, bu problemlərin yalnız təbliğat qrupunun fəaliyyəti ilə həll olunmamalı olduğunu, ziyalıların,din xadimlərinin,həmçinin qızlarımızın özlərinin də həmin təşəbbüsə qoşularaq birgə mübarizə aparmağının vacibliyini vurğulayıb.
Sonra mama –ginekoloq Tünzalə Qasımova şagirdlərlə ətraflı söhbət edərək erkən nikahın, o cümlədən qohum evliliklərinin istər qızlarımızın özündə,istər dünyaya gətirdiyi övladlarda yaratdığı problemlərdən söz açıb. O, iş təcrübəsi zamanı qarşılaşdığı erkən hamiləlik hallarından misallar gətirərək həmin qızların yaşadığı fiziki,psixoloji problemlərdən, bəzən ümumiyyətlə ana olmaq şansını itirdiklərindən,bundan sonra yaşadıqları faciələrdən danışıb, qızların bu məsələlərdə diqqətli olmasını,öz taleləri ilə oynamağa kimsəyə icazə verməməsini qeyd edib.
“Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva da mövzu ətrafında geniş danışaraq bu görüşlərin məhz sağlam gələcək,sağlam cəmiyyət naminə təşkil olunduğunu, qızlarımızın təhsilli, savadlı, həyati məsələlərdə müstəqil qərar verə biləcək şəxsiyyət kimi yetişməsi, kimdənsə asılı olmadan gələcəyə doğru uğurla addımlaya bilməsi, ən əsası, xoşbəxt olması üçün həyata keçirildiyini qeyd edib. O, dinləyiciləri sosial şəbəkələrdə xoşbəxt görüntü yaratmağa çalışan insanlara aldanmamağa, xoşbəxt görünməyi yox, xoşbəxt olmağı seçməyə çağırıb. Bunun üçün isə mütləq orta təhsili başa vurmağın, bundan sonra isə ali, yaxud orta ixtisas təhsili almağın və ya hər hansı bir peşəyə sahiblənməyin vacib olduğunu bildirib. Bu müddət ərzində qızların həm də bir həyat təcrübəsi toplamış olacağını qeyd edən M. Ağayeva müəyyən dünyagörüşünə malik olan bir qızın hər kiçik məsələyə görə ailə dağıtmayacağını,hər işi nizamlaya biləcəyini, həmin ailədəki yaşlı nəslin nümayəndələrinə də anlayışla yanaşacağını, sağlam övladlar böyütmək imkanı əldə edəcəyini, özünün də cəmiyyətə faydalı bir vətəndaş olacağını diqqətə çatdırıb.
Növbəti tədbir Şərəfxanlı kənd tam orta məktəbində davam etdirilib.
Tədbirlərdə məktəb psixoloqları, Uşaq Birliyi Rəhbərləri və digər qadın müəllimlər də iştirak ediblər.
Sonda şagirdlərin fikirləri öyrənilib,sualları cavablandırılıb.