Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quruculuq işləri böyük vüsət alıb

Prezident İlham Əliyevin sədrliyi ilə birinci rübün yekunlarına həsr edilmiş müşavirədə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin inkişafı barədə fikirləri xüsusi önəm daşıyır.

Cənab Prezident  qeyd etdiyi kimi, Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf etdiriləcək. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq. Buna görə də Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur üzərindən həm dəmiryolu, həm avtomobil yolu məsələsi ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparılıb.

İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarlarına çıxarılması layihəsi də artıq hazırlanır. Nəqliyyat infrastrukturu ilə bağlı olan bütün planlarımız vaxtlı-vaxtında yerinə yetirildi. 100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmir yolunun 60 kilometrlik ərazisi artıq hazırdır.

Düşməni diz çökdürən, torpaqlarını işğalçılardan təmizləyən, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin həyata keçirilməsini özü təmin edən, regionu və dünyanı erməni faşizmindən xilas edən Azərbaycan qarşısında artıq yeni mühüm vəzifələr durur. Bu, azad edilmiş ərazilərin etibarlı müdafiəsinin təşkili, o yerlərdə abadlıq-quruculuq işlərinin həyata keçirilməsi, müasir infrastrukturun yaradılması, keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı üçün digər müvafiq işlərin görülməsidir. Postmüharibə dövründə bu istiqamətdə Azərbaycan dövləti tərəfindən artıq genişmiqyaslı işlər görülüb və görülməkdədir. Prezident İlham Əliyevin bu ilin 7 iyul tarixində imzaladığı Fərmanla Azərbaycanın tərkibində uydurma şəkildə ermənilərin xeyrinə yaradılmış Dağlıq Qarabağ inzibati ərazisi və onun muxtariyyət statusunun artıq tarixin arxivinə getməsi ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hazırda intensiv bərpa, quruculuq işləri həyata keçirilir. Yenə bu prosesdə ön sırada Yeni Azərbaycan Partiyasının üzvü  olan gənclərimizi görmək mümkündür. Azad edilən ərazilərin dirçəldilməsi istiqamətində YAP-çı gənclər Prezidentin çağırışlarına hər zaman səs verməyə və quruculuq prosesində fəal iştirak etməyə hazırdırlar.
         Qarabağ və Şərqi Zəngəzurda dövlət tərəfindən həyata keçirilən işlər və qarşıdakı müddət ərzində reallaşdırılması nəzərdə tutulan layihələr əsas etibarı ilə sosial xarakterlidir. Burada qurulan sosial infrastruktur və dövlət tərəfindən görülən digər işlər doğma yurd-yuvalarna qayıdacaq insanların rahatlığına, təhlükəsiz şəraitdə yaşamalarına xidmət edir. Aparılan bərpa-quruculuq prosesləri fonunda Azərbaycan eyni zamanda işğal müddətində bu yerlərdə törədilən erməni vandalizmini də bütün dünyaya nümayiş etdirir. Bu prosesdə də YAP-ı təmsil edən vətəndaşlar yüksək fəallıq nümayiş etdirirlər.

Yeni Azərbaycan Partiyasının  üzvü olan könüllülər şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zaman əlilliyi olmuş şəxslərə, Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinə də yaxından yardımçı olur, bu istiqamətdə genişmiqyaslı fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin həyata keçirtdiyi sosial siyasətdə sözügedən kateqoriyadan olan insanlara xüsusi qayğı mühüm yer tutur. Bunların fonunda şəhid ailələrinə, Qarabağ əlillərinə və veteranlarına, müharibə qəhrəmanlarının və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən hərtərəfli qayğı xüsusi yer tutur. Bununla belə insanlara təkcə dövlət yox, bütün cəmiyyətimiz yüksək diqqət və qayğı göstərməlidir.

Bu gün partiya üzvlərimizin qarşısında duran ən vacib vəzifələrdən biri Prezident İlham Əliyevin yaratdığı tarixin ən güclü Azərbaycanını layiqincə qorumaq, gələcək nəsillərə daha güclü, daha qüdrətli və daha firavan bir dövlət kimi  təhvil verməkdir.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədr

Şərhlər