Özünü xalqın bir nömrəli xidmətçisi adlandıran Prezident İlham Əliyevin kadrlara xalqa xidmət edin tapşırığı digər rayonlarda olduğu kimi, Ağcabədidə də yüksək səviyyədə icra olunur. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov aprelin 20-də növbəti səyyar qəbulunu Muğanlı kəndinin sakinləri ilə keçirib.
Qəbulda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.
İcra başçısı öz çıxışında Vətən müharibəsi zamanı rəşadətli Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı Qələbədən, eləcə də düşmən işğalından azad olunan torpaqlarımızda görülən geniş abadlıq, quruculuq işlərindən söhbət açıb. Təsərrüfatlarda meydana çıxan çətinlik və problemlərin həlli istiqamətində icra hakimiyyətinin köməyini əsirgəməyəcəyini vurğulayan rayon rəhbəri belə görüşlərin əhali arasında ictimai fəallığın artmasına, dogma torpaq üçün təəssübkeşlik hissinin yüksəlməsinə səbəb olduğunu xüsusi ilə qeyd edib. O, bildirib ki, bu görüşlərin müntəzəm keçirilməsi, problemlərin vaxtında həll edilməsi, vətəndaş məmnunluğuna nail olunması qarşıya qoyulan ən vacib məsələlərdən biridir.
Qəbul zamanı R.Hüseynov yerli sakinləri, istehsalçıları diqqətlə dinləyərək, onların səsləndirdikləri içməli və təsərrüfat suyunun qıtlığı, qaz,həmçinin işıq problemlərinin həlli istiqamətində öz tapşırıq və tövsiyələrini verib.
Adil MİSİRLİ