Aprelin 16-da “Ələk” ədəbi məclisinin növbəti görüşü keçirilib. Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan görüşdə ADPU-nun Ağcabədi filialının kafedra müdiri, dosent Vaqif Allahverdiyev, filialın tələbələri, məclis üzvləri iştirak ediblər.
“Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa və məclisin aparıcısı Gündüz Sevindik çıxış edərək, yeni gələn üzvləri salamlayıb, onlara uğurlar arzu ediblər. Sonra Vaqif Allahverdiyev istedadlı və bacarıqlı gənclərin üzə çıxarılmasında köməklik göstərdikləri üçün “Ələk” ədəbi məclisinin rəhbərinə minnətdarlığını bildirib.
Daha sonra məclis üzvləri, tələbələr öz yaradıcılıq nümunələrini səsləndiriblər.
Görüş maraqlı müzakirələrlə yadda qalıb. “Ələk” ədəbi məclisinin üzvü olmuş nakam şair Saqif Zeynalın şeirlərinin də səsləndirilməsi məclisdə kövrək anlar yaşadıb.
“Aranqazeti.az” saytı məclisdə oxunmuş şeirlərdən bir neçəsini təqdim edir:
Çənin içində
Həm böyük dünyasan, həm də kiçiksən,
Qalmısan dumanın-çənin içində.
Mən boyda dünyanı kaş yaşadasan,
Yaşamaq istədim sənin içində.
Halına baxdıqca qəlbim alışır,
Duymağı bacarsan gözüm danışır,
Bu boyda dünyanın dərdi sığışır,
Kiçik bir dünyanın, mənim içimdə.
Oxudum, öyrəndim, yollardan keçdim,
Çətin sualların bağrını deşdim,
Həyat məktəbində tək səni seçdim,
Qəlbimə min yaxın fənnin içində.
Süründüm arxanca, çata bilmədim,
Qolunda-qoynunda yata bilmədim,
İstədim ki atam, ata bilmədim,
Emini qoymusan qəmin içində…
Emin Tofiqoğlu
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
Gizləyib öz-özümə sirrimi, xəlvət gəzirəm,
Sənə qəlbimdə məhəbbət, gülüm, əlbət gəzirəm.
Baxıram gözlərinə, göz gəzirəm gözlərimə,
Orda mənçün azacıq olsa da niyyət gəzirəm.
Niyə gülmür o üzün, mənlə gözün birgə ikən,
Mən xəfif, adi təbəssümdə də heyrət gəzirəm…
Səni xəlvət süzürəm, çün buna möhtacdı gözüm,
Bu ümid ilə də mən ruhuma taqət gəzirəm.
Çəkilib küncə, uzaqdan səni seyr eyləyirəm,
Səsini duymaq üçün daima fürsət gəzirəm.
Tükənər sanma ümidim, mən ölüncə qalacaq,
Gözlərindən özümə, eşqimə qiymət gəzirəm.
Sənlə ömür eyləməyə ömrü fəda etdi Hüseyn,
İndi bir kəlmən ilə qəlbinə dəvət gəzirəm.
Hüseyn Mustafayev
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
Özüm oldum
Bir anlıq sükut eləyək,
Arzularım yad olunur.
Dar ağacı kirpiyimdə,
Göz yaşım edam olunur.
Ürəyimdə dəfn edilib,
Gör nə vaxtdır, neçə ildir.
Ağ saçımın hörükləri,
Məzarının əklilidir.
Bu həyatın sərt qışında,
Odum oldum, közüm oldum.
Arzularım vaxtsız öldü,
Yetim oldum, özüm oldum…
Aynurə İnci
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
Qovaq ağacı
Hər ağrı bir ömrün belini büküb,
Əvvəli bal dadıb axırı acı.
Fələkmi hirsini üstünə töküb,
Niyə əyilmisən, Qovaq ağacı?
O qədər ucadan uca görmüşəm,
Sonda son sözünü deyə bilməyib.
Fələk taleyinə qəm gətirmədən
Qəddini, tufan da, əyə bilməyib.
Niyə əyilmisən, Qovaq ağacı?
Qayıt, ətrafında ürəklərə bax,
Dərd hansı ürəkdən dəvasız çıxıb.
Doğma sevgilərdən qalmısan uzaq
Oğlunmu, qızınmı vəfasız çıxıb,
Niyə əyilmisən, Qovaq ağacı?
Çırpmadın üstündən yad yağışları,
Yüz payız bir yazın yerini verməz.
Bir zaman kölgənə sığınanların
Biri söykəyinə çiynini verməz,
Niyə əyilmisən, Qovaq ağacı?
Hərdən zəhər süzər bal tutan belə,
Harda xəyanətin yarası yoxdur?
Budaqdan quruyan göyərər, amma
Kökdən laxlamağın çarəsi yoxdur,
Niyə əyilmisən Qovaq ağacı?
Hər şirin təbəssüm məhəbbət deyil,
Sevgi, Yaradandan ətadır axı.
Qəfil yıxılmağın qəbahət deyil
Sənin əyilməyin xətadır axı,
Niyə əyilmisən, Qovaq ağacı?
Vəli Qurbanoğlu