HEYDƏR ƏLİYEV VƏ TOLERANT DƏYƏRLƏR

Azərbaycanda tolerantlıq mühitinin dövlət-din konsepsiyasına uyğun möhkəmləndirilməsi Heydər Əliyev siyasətinin tərkib hissəsidir.

Cəmiyyətdə, mədəni həyatda əsas əxlaq prinsiplərindən sayılan tolerantlıq bu gün müxtəlif inanc, ənənə, məslək, dini etiqad daşıyıcısı olan insanların birləşməsində mühüm əhəmiyyət kəsb edir. Burada milli-dini dözümlülük, birgəyaşayış, qarşılıqlı hörmət və etimad başlıca cəhət hesab edilir.

Ölkəmizdə həmişə tolerant dəyərlər xüsusi önəm daşıyıb, qorunub, mühafizə olunub. Daha dəqiq desək, Azərbaycan tarixən milli və dini baxımdan tolerant bir ölkə kimi bütün dünyada tanınır. Bu da öz növbəsində, xalqımızın təbiətindən, tolerant olmasından, islam dininin oynadığı müstəsna rolundan irəli gəlir.

Qədimdən dünya dinlərinin yayıldığı və dinc yanaşı yaşadığı Azərbaycan torpaqlarında yüz illər boyu qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni, dini münasibətlər sistemi formalaşıb. Hazırda ondan yüksək səviyyədə bəhrələnən respublikamız dünyanın qabaqcıl, nümunəvi tolerant dövlətlərindən birinə çevrilib.

Bu il anadan olmasının 99-cu ildönümünü qeyd etdiyimiz xalqımızın böyük oğlu, Ümummilli lider Heydər Əliyev respublikamızda həyata keçirilən tolerantlıq dövlət siyasətinin banisidir. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər respublikamızda müstəqilliyin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, ölkə iqtisadiyyatının inkişaf etdirilməsində, geniş abadlıq-quruculuq tədbirlərinin aparılmasında, demokratiyanın bərqərar olunmasında, milli-mənəvi dəyərlərin inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. O, uzaqgörənliklə tolerantlıq və multikulturalizmi dövlət siyasətinin, demokratik inkişafın tərkib hissəsi hesab etmişdir. Müstəqillik qazanıldıqdan sonra ulu öndər tolerantlığın dövlət tərəfindən nizamlanmasını əsas vəzifə sayıb. Onun qənaətinə görə, dövlət üçün çox həssas bir məsələ olan tolerantlığın nizama salınmasına zəruri ehtiyac yaranıb. Azərbaycanın dünyəvi və çox konfessiyalı dövlət olduğunu nəzərə alan görkəmli siyasətçi bu məsələyə yüksək diqqət və qayğı ilə yanaşıb.

Ümummilli lider respublika ərazisində yaşayan milli azlıqların, etnik-mədəni dəyərlərin qorunmasını demokratiyanın mühüm prinsipi kimi qiymətləndirib. Onun rəhbərliyi illərində qəbul edilmiş Konstitusiyamızda dinindən, dilindən, irqindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının eyni hüquqlara malik olması təsbit olunub. Həmin dövrdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərdə ölkədə hər kəsin öz dininə etiqad etmək hüququ təmin edilib.

Ümummilli lider Heydər Əliyev tolerant dəyərlərin qorunmasını bütün fəaliyyəti boyu diqqət mərkəzində saxlayıb. O, həmişə qeyd edirdi ki, Azərbaycan vətəndaşları dini, irqi, siyasi və dil mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdirlər. Onların hüquqları dövlət tərəfindən qorunur. Hər kəs əmin ola bilər ki, biz bu prinsiplərə daim sadiq qalacağıq.

Ulu öndər tərəfindən azərbaycançılıq ideologiyasının irəli sürülməsi ölkəmizdə tolerantlığın daha sürətlə inkişaf etməsinə geniş imkanlar yaradıb. Respublikada bu istiqamətdə mövcud olan bir sıra problemlər azərbaycançılıq ideologiyası çərçivəsində həllini tapıb. Təsadüfi deyildir ki, Heydər Əliyev Azərbaycanda yaşayan milli azlıqlarla keçirdiyi görüşlərin birində demişdir: “Mən milli azlıqlarla yox, Azərbaycan xalqı ilə görüş keçirirəm”.

Müdrik dövlət xadimi çıxışlarında Azərbaycanın çoxmillətli ölkə olmasını, etnik rəngarəngliyi, tolerantlığı xalqımızın böyük sərvəti hesab edib. Məhz onun möhtəşəm xidmətləri nəticəsində hər bir xalqın nümayəndəsi özünü azad və xoşbəxt hiss edir. Cəsarətlə deyə bilərik ki, ölkəmizdə yaşayan xalqların, toplumların qəlbi, nəbzi eyni ritimdə vurur, fərqli dil və din mənsubları ortaq məxrəcə gələ bilirlər.

Qürur hissi ilə deyirik ki, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etməyə nail olub. O, ölkəmizin uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək tolerantlıq ənənələrini keyfiyyətcə yeni mərhələyə çatdırmağı bacarıb. Ulu öndərin rəhbərliyi ilə Azərbaycanda bu ənənələrin qorunması istiqamətində həyata keçirilən siyasət bu gün uğurla inkişaf edir. Dahi rəhbərin parlaq ideyaları hər bir sahədə olduğu kimi tolerantlığın inkişafı sahəsində də ölkə prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Dövlətimizin başçısı bu siyasətin həyata keçirilməsində nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin başçılığı altında tolerantlığın inkişafına mühüm töhfələr verib. Onun həyata keçirdiyi tədbirlər sayəsində respublikamız bir çox millətlərin, dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Azərbaycan dünyada tolerantlıq və multikulturalizm cəhətdən sivilizasiyalar arasında dayanıqlı dialoq məkanı kimi qəbul edilir.

Respublikamızda tolerantlıq ideyalarının təntənəsinin Şanlı Milli Ordumuzun torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsi zamanı şahidi olduq.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızda yaşayan müxtəlif dinlərə və etnik qruplara mənsub olan qəhrəman Vətən oğullarının bir amal, bir məqsəd uğrunda mübarizəsi tarixi bir zəfərlə, qələbə ilə nəticələnib. İgid əsgərlər döyüşlərdə Vətən uğrunda canlarını belə əsirgəməyiblər. Bu gün hər birimiz onlarla fəxr edirik!

Süleyman AĞAYEV,

Ağcabədi rayonu Muğanlı kəndi “Seyid İsmayıl Ağa”

məscidi dini icmasının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər