Aprelin 21-də “Regionlarda aztəminatlı ailələrdən olan qadınların psixo-sosial problemlərinin həllində dəstək” layihəsi çərçivəsində növbəti təlim Ağcabədidə keçirilib. YAP Ağcabədi rayon təşkilatının binasında təşkil olunan və “Üfüq Xeyriyyə Cəmiyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən təlimdə aztəminatlı, sosial qayğıya ehtiyacı olan ailələrin üzvləri iştirak ediblər.
Tədbirdə rayon icra hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sevinc Niftalıyeva çıxış edərək, qonaqları salamlayıb və belə təlim və görüşlərə görə sözügedən İctimai Birliyə təşəkkürünü bildirib.
Sonra çıxış edən İctimai birliyin icraçı direktoru Nuriyyə Abbasova bildirib ki, layihənin məqsədi regionlardan olan qadınların psixo-sosial problemlərinin həllinə dəstək olmaqdır. Eyni zamanda aztəminatlı ailələrin sosial xidmətlərə yönləndirilməsi, məşğulluq problemlərinin həllində kömək, hüquqi məsələlər, sosial yardım və müavinətlərlə bağlı yönləndirmə , qadın və uşaqlara qarşı məişət,iqtisadi, fiziki və digər zorakılıq hallarının aradan qaldırılımasına yardım etməkdən ibarətdir.
Qeyd edək ki, növbəti təlimlərin Bakı, Gəncə şəhərləri, Ağdam, Bərdə, Ağcabədi, Tərtər və Goranboy rayonlarında keçirilməsi nəzərdə tutulur.
Rəmziyyə HƏSƏNOVA