Aprelin 15-də Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbində gənclərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb edən “Şahin“ hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
Yarışların açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ceyhun Mamedov, rayon gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev, təhsil şöbəsinin müdiri İsmayıl Həsənov, rayon mərkəzi xəstəxanası Publik hüquqi şəxsin baş direktoru Cəsur Paşayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin əməkdaşı Rüstəm Xudiyev və digər məsul şəxslər iştirak ediblər.
Tədbirdə torpaqlarımız uğrunda canlarını fəda edən bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sözügedən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ceyhun Mamedov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini xüsusi qeyd edib.
Əsasnaməyə uyğun olaraq yarışlar 5 mərhələ üzrə keçirilib. Yarışlara “Sıra hazırlığı” adı ilə start verilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 44 komanda iştirak edib. Yekun nəticələrə əsasən Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbinin komandası I, Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbinin komandası II, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbinin komandası isə III yerə layiq görülüblər. Yarışlarda I, II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.
Qeyd edək ki, 1-ci yerə laiq görülmüş Şirin Hüseynov adına şəhər 2 saylı tam orta məktəbinin komandası 27-28 aprel 2022-ci il tarixlərdə Qarabağ iqtisadi zonası üzrə Bərdə şəhərində keçiriləcək “Şahin“ hərbi-idman oyununun zona birinciliyində rayonumuzu təmsil edəcək.