Son vaxtlar sosial şəbəkələrdə bəzi üzdəniraq şəxslər tərəfindən müəllimlərin nüfuzuna xələl gətirmək məqsədi ilə ünvanlanan əsassız yazılar, səsləndirilən çıxışlar hər kəsdə, ən azından, ikrah doğurur. İstər-istəməz belələri ilə bir dövrdə, eyni cəmiyyətdə yaşadığına görə təəssüf hissi keçirirsən. Axı, müqəddəs müəllim adına, şəxsiyyətinə belə nankor münasibət haradan qaynaqlanır? Mental dəyərlərimizə yad olan bu fikirlər kimə və nəyə xidmət edir.
Ancaq həyatda bunun tam əksi ilə rastlaşanda bir az təskinlik tapırsan. Görürsən ki, insanların hamısı heç də belə deyil. Aramızda müəllim adını uca tutan, hörmət bəsləyən insanlar çoxdur, kifayət qədərdir. Bu gün həmin şəxslərə hər yerdə, hər kənddə, hər şəhərdə rast gəlmək mümkündür. Rayonumuzda da bu ali hisslərlə yaşayan şəxslər yetərincədir. Sevindirici haldır ki, onların sırasında gənclər, yeniyetmələr, bütün nəsillərin nümayəndələri vardır.
Yaşından, peşəsindən, vəzifəsindən asılı olmayaraq, müəllimlik sənətinə, böyük məhəbbət bəsləyən, müəllimini unutmayan, onun xatirəsini əziz tutan həmyerlilərimizlə qürur duyuruq. Ağcabədi şəhər 1 saylı tam orta məktəbinin müəllimi Tahirə Qasımova da belə insanlardandır. O, rayonumuzun qabaqcıl müəllimlərindəndir, 43 illik pedaqoji fəaliyyətində çox uğurlara imza atıb, özünü nümunəvi bir sinif müəllimi kimi tanıdıb. Tahirə müəllim aradan uzun illər keçsə də, ona yazıb-oxumağı öyrətmiş ilk müəllimi Zərifə Ramazanovanı heç vaxt unutmur. Həyatda qazandığı uğurlarda onun böyük payı olduğunu bildirir. Tahirə müəllimə sevimli müəllimi ilə görüşməyi daim özünə borc hesab edir.
Nüfuzlu ziyalı həmkarı Kifayət Hüseynova və dərs dediyi ll və Vl sinif şagirdlər ilə birlikdə 86 yaşlı qocaman müəllim Zərifə Ramazanovanın görüşünə gedib, ona baş çəkiblər. Görüş zamanı məktəb illəri yada salınıb, unudulmaz xatirələr sərgilənib. Görüşdə Zərifə müəllimin söhbətləri, xatirələri şagirdlər tərəfindən maraqla qarşılanıb. Məktəblilərin ifa etdikləri müxtəlif mövzulu şeirlər hər kəsdə yüksək ovqat, şən-əhval ruhiyyə yaradıb. Maraqlı görüş çay süfrəsi ilə başa çatıb.