Ağcabədi rayon Taxtakörpü qəsəbəsində nakam şair Saqif Zeynalın “Tanrı qədər yoxsan” kitabının təqdimat mərasimi keçirilib.
Laçın rayon Mədəniyyət Evində təşkil olunan tədbirdə Bakı ədəbi mühitindən professor Cavanşir Yusifli, yazıçı-esseist Fəxri Uğurlu, Ağcabədi rayonunda fəaliyyət göstərən “Ələk” ədəbi məclisinin üzvləri, ziyalılar, qələm adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yazıçı Şərif Ağayarın idarə etdiyi tədbirdə çıxış edənlər şairin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Ələk ədəbi məclisinin üzvləri və digər çıxış edənlər Saqif Zeynalın şeirlərini səsləndiriblər. Gənc şairin şeirləri həmçinin saz havaları üstündə ifa olunub.
Tədbirdə Saqif Zeynalın müxtəlif qiraətçilər və özü tərəfindən səslədirilmiş şeirlərinin yer aldığı videogörüntülərin təqdim olunması duyğulu anlar yaşadıb.
Qeyd edək ki, Saqif Zeynal 2020-ci ilin oktyabrında, 30 yaşında avtomobil qəzasında həlak olub. Onun ikinci şeirlər kitabı ölümündən sonra işıq üzü görüb. “El” nəşriyyatında çap olunan kitaba şairin son şeirləri daxil edilib. Kitabın redaktorları Şərif Ağayar və Gündüz Sevindik, sön sözün müəllifi isə Məhsəti Musadır.