Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Mirağa Əliyevin xatirəsinə həsr olunan “Kəşfiyyatçı” sənədli filminin təqdimat mərasimi keçirilib. Film “Vətənpərvərlər” Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gətirilib.
Təqdimat mərasimində Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, mədəniyyət müəssisələrinin əməkdaşları, rayon sakinləri iştirak ediblər.
Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin aparıcısı Gündüz Sevindik şəhid Mirağa Əliyevin şərəfli həyat və döyüş yolu barəsində geniş məlumat verib.
Mərasimdə filmin layihə rəhbəri Qərib Azadxanoğlu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova və başqaları çıxış edərək, bu cür filmlərin davamlı olacağını qeyd edib, təqdimat mərasiminin keçirilməsində göstərdikləri dəstəyə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Sonda “Kəşfiyyatçı” sənədli filmi nümayiş etdirilib. Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.