Sovet hakimiyyəti tərəfindən həyata keçirilən “rayonların birləşdirilməsi” siyasətinin sona yetməsi ilə əlaqədar respublikanın bölgələrində müstəqil inzibati ərazi vahidi statusu bərpa olunub. 1965-ci ildə Ağcabədi rayonu Ağdam rayonundan ayrılaraq, inzibati mərkəz kimi fəaliyyətini davam etdirib. Həmin dövrdə ölkədə yeni ab-hava yaranıb, sosial-iqtisadi həyat xeyli canlanıb. Bu səbəbdən də rəhbər partiya, sovet, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatlar müstəqillik əhval-ruhiyyəsi ilə işləməyə başlayıb.
Yaranmış əlverişli şərait bölgədə qəzet nəşrinə də imkan verib. 1966-cı ildə rayon qəzeti “Sürət” adı ilə işıq üzü görüb. Sözügedən mətbu orqan tezliklə bölgənin iqtisadiyyatında, mədəni həyatında baş verən yeniliklərin işıqlandırılmasında önəmli rol oynayıb, mühüm ideoloji mərkəzə çevrilib.
“Sürət” qəzeti fəaliyyətə başladıqdan sonra redaktor vəzifəsinə tanınmış jurnalist Sərdar Mehdiyev təyin edilib. Lakin o, 1968-ci ildə Bakı Ali Partiya Məktəbində təhsil almağa getməsi ilə həmin vəzifədən uzaqlaşıb. Çox keçməyib ki, redaktor vəzifəsinə o vaxtlar nəşriyyat işçisi kimi tanınan Rafiq Əliyev gətirilib.
Rafiq Əliyev əslən Ucar rayonundan olub, bölgədə çıxan qəzet mətbəəsinə rəhbərlik edib. Redaktor təyin edildikdən sonra o, “Sürət” qəzeti mətbəəsinin yenidən qurulmasına, oraya müasir çap avadanlıqlarının gətirilməsinə, bacarıqlı işçilər cəlb edilməsinə nail olub. Qəzet nəşr edilməsi üçün maket hazırlanmasında yeni üsulun tətbiq olunması da Rafiq Əliyevin adı ilə bağlıdır.
Bacarıqlı redaktor “Sürət” qəzeti redaksiyasının fəaliyyətində də ciddi dönüş yaradıb. Redaksiya kollektivi sıralarını yaradıcı gənclər hesabına möhkəmləndirilməsini təmin edib. Bu zaman o, rayon ziyalıları Köçəri Səfərov, Qəni Cəfərov, Fazil Sarvan kimi təcrübəli mütəxəssislərin imkanlarından yararlanıb.
R.Əliyev redaktor olduğu dövrdə kollektiv üzvlərinə böyük həssaslıq və qayğı ilə yanaşıb, onların problemlərinin həlli üçün köməkliyini əsirgəməyib. Onun yüksək təşkilatçılıq bacarığı, tələbkarlığı sayəsində “Sürət” qəzeti müntəzəm nəşr olunub, respublikanın bölgə qəzetləri arasında nüfuz və hörmət qazanıb.
Aradan uzun illər keçməsinə baxmayaraq, Rafiq Əliyevin “Sürət” qəzetində fəaliyyəti və xidmətləri unudulmur, böyük hörmətlə, ehtiramla yad edilir.
Yəhya PAŞAZADƏ