Hər bir xalqın ana dili onun mövcudluğunun əsas şərtidir. Xalqımız çoxəsirlik tarixində müxtəlif istilalara məruz qalıb, fərqli əlifbalardan istifadə etməyə məcbur edilib, lakin öz ana dilini heç vaxt unutmayıb, gələcək nəsillərə çatdırıb. Türk mənşəli dil olan Azərbaycan dili min illərdir ki, 1300 ildən artıqdır ki, xalqımızın ünsiyyət vasitəsi olub.
Sovetlər dönəmində Azərbaycan Respublikasının SSRİ-nin tərkibinə daxil olduğu dövrdə rus dili əsas dil kimi geniş istifadə olunub.
1978-ci il aprel ayının 21-də qəbul edilmiş Azərbaycan SSRİ Konstitusiyasına azərbaycan dilinin dövlət dili olması barədə maddənin təsbir olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən mühüm xidmətlərindən hesab olunur.
Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. Həmin Konstitusiya müttəfiq respublikalarda hazırlanacaq yeni Konstitusiyalar üçün bir növ nümunə və istiqmət rolunu oynamalı idi. Həmin Konstitusiyaya isə dövlət dili haqqında maddə əlavə edilməyib. Ona görə də ayrı-ayrı Respublikalarda qəbul edilmiş Konstitusiyaların heç birində Ana dilin dövlət dili olması barədə maddə öz əksini tapmayıb.
Heydər Əliyev yeni Konstitusiyaya azərbaycan dilinin dövlət dili olması barədə maddə salınması üçün əzmlə mübarizə apararaq, ölkə ziyalılarını, alim, yazıçı və şairləri, bütün xalqı bu işə cəlb edib, sovet rəhbərliyinin təzyiqlərinə mətanətlə sinə gərib.
1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Ulu öndər Heydər Əliyev şəxsən özü rəhbərlik edərək yeni Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıb.
Yeni Konstitusiyanın qəbul edilməsi ərəfəsində də Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi ətrafında geniş müzakirələr aparıb və bu maddə yeni Konstitusiyada da əksini tapıb.
Referendumda Azərbaycanın unitar, demokratik, hüquqi, dünyəvi, respublika idarəetmə formasına malik bir dövlət kimi xarakterizə edən Konstitusiyaya xalq böyük razılıqla və yekdilliklə səs verib.
İndi dünyanın hər tərəfinə səpələnmiş 50 milyondan çox azərbaycanlı Azərbaycanı öz doğma vətəni hesab edir və azərbaycan dili vasitəsilə bir–biri ilə ünsiyyət saxlayırlar.
Nazim BÜNYATOV
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı