II Qarabağ müharibəsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, 44 gün ərzində düşmənlə vuruşda qəhrəman hərbçilərimizin göstərdikləri igidliklər unudulmur, yaddaşlarda hər zaman yaşayır. Həmin qanlı döyüşlərdə rayonumuzun igid oğulları da fəal iştirak edərək, adlarını hərb tariximizə qızıl hərflərlə yazıblar. Onlardan biri də Salmanbəyli kənd sakini Ənvər Sofiyevdir.
Ənvər Ariz oğlu Sofiyev 1999-cu il mayın 10-da adıçəkilən kənddə anadan olub. O, Salmanbəyli kənd tam orta məktəbini bitirdikdən sonra Gəncə Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alıb və 2020-ci ildə sözügedən ali məktəbdə təhsilini başa vurub.
Ə.Sofiyev həmin il Azərbaycan Silahlı Qüvvələrinə hərbi xidmətə çağrılıb. Çox keçməyib ki, mənfur erməni faşistlərinin Tovuz rayonu istiqamətində törətdikləri təxribat sentyabrın 27-də II Vətən müharibəsinin başlanılmasına səbəb olub. Gənc əsgər Ənvər Sofiyev də öz qəhrəman döyüş yoldaşları ilə birlikdə ön cəbhəyə atılıb. Onun qulluq etdiyi “N” saylı hərbi hissə oktyabrın 14-dən noyabrın 10-a kimi Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə yaxından iştirak edib. Qanlı çarpışmalarda qorxmaz pulemyotçu mənfur düşmənə sardıcı zərbələr vurub. Döyüşlərdə düşmən texnika və canlı qüvvə sarıdan ciddi tələfata məruz qalıb. Ənvər Sofiyevin dediklərinə görə, onun üçün ən ağır döyüşlər Laçın rayonu istiqamətində gedən döyüşlər hesab olunur. Bu döyüşlər zamanı Laçının Güləbird, Səfiyan, Türklər kəndi mənfur düşməndən təmizlənib. Ənvər döyüşlərdə öz yaxın yoldaşlarını itirib, özü neçə dəfə ölümlə üzləşib. Göygöl rayonundan olan əsgər yoldaşı Həsən Bayramovun həlak olması ona çox pis təsir göstərib. Ə.Sofiyev 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra da hərbi xidmətini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. O, Milli Ordu sıralarından tərxis edildikdən sonra doğma Ağcabədiyə qayıdaraq, dinc həyata başlayıb. Ənvər hazırda Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzində könüllü kimi çalışır. O, öz keçmiş döyüş yoldaşlarını unutmur, onlarla müntəzəm əlaqələr saxlayır. İgid Vətən müharibəsi iştirakçısına həyatda və fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Hüseyn QULUZADƏ