Bir xalqın xalq kimi tanınması üçün onun dilinin olması vacib şərtdir. Belə bir deyim var: Bir xalqın yer üzündən silinməsi üçün birinci onun dilini məhv etmək lazımdır. Azərbaycanda qədim zamanlardan bəri düşmənlərimizin gözü olmuşdur. Onlar ilk növbədə dilimizi sıxışdırıb aradan çıxarmaq istəmişlər. Lakin 1969-cu ildə ümumilli liderimiz hakimiyyətə gələn kimi ana dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını atdı.1978-ci ildə ümumilli liderimizin təşəbbüsü ilə Azərbaycan SSR Konstitutsiyasında Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olması barədə maddənin öz əksini tapması Heydər Əliyevin dilimizin mədəni və milli irsimizin qorunmasına nail olmasının bariz nümunəsidir. Heydər Əliyev tək özü deyil, bütün xalqı da dilimizin qorunmasına və özünə qayıdışına cəlb etmişdir. 1995-ci ildə isə ümummilli lider ümumixalq səsvermə yolu ilə təsdiq edilən Konstitutsiyamıza dövlət dili ilə bağlı maddə salınmasına nail oldu. O, 2001-ci ilin iyun ayında daha bir fərman imzaladı. Bu fərman dövlət dilinin tətbiqi işinin təkminləşdirilməsi haqqında idi. Eyni zamanda 2001-ci il avqustun 9-da Azərbaycan əlifbası və Ana dili günü haqqında daha bir fərman imzaladı. Həmin fərmana əsasən hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Ana Dili Günü kimi qeyd edilir. Hər bir azərbaycanlı öz dilini bilməli və o dildə danışmalıdır. Bu böyük bir mədəniyyətdir. Bu mədəniyyət bizə ümummilli lider Heydər Əliyev tərəfindən əbədi və silinməz izləri olan miras kimi qalmışdır. Böyük şairimiz, dilimizin qorunmasında və yaşamasında misilsiz xidmətləri olan Bəxtiyar Vahabzadə demişdir ki:
Mən nankor deyirəm nacins deyirəm,
Öz ana dilini bilməyənlərə.
Bizə ulu babalarımızdan yadigar qalan bu əmanəti göz bəbəyi kimi qorumalı, himnimiz, gerbimiz, bayrağımız və torpağımızla birlikdə gələcək nəsillərə hədiyyə etməliyik. Yaşasın Azərbaycan, Yaşasın Ana dilimiz!
Elminaz HÜSEYNOVA