Heydər Əliyev və Azərbaycan dili

                            

Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Heydər Əliyevin müstəsna rolunu hamı etiraf edir. XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyət və təşkilatların kürsülərində səslənməsi bilavasitə ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinin keşiyində durmaq H.ƏIiyevin məqsədyönlü fəaliyyətinin daimi leytmoivi olmuşdur.Yalnız ana dilini və onun incəliklərini yaxşı bilən, elmin bütün sahələrinə dair qeyri-adi məlumata malik olan, milli mədəniyyətimizi dərindən bilən və onun carçısına çevrilmək, milli dil və onun problemlərini dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, heç bir çətinliklərdən qorxmamaq, xalqın mənəvi sərvətlərini yaşadan sadə insanlarla yaxından bağlılıq kimi xüsusiyyətlərə malik insan doğma dili yaşatmaq, onu dövlət dili səviyyəsinə yüksəltməyə qadirdir.Bu yüksək keyfiyyətlərin hamısı ulu öndər Heydər Əliyevdə cəmləşmişdir.

H.ƏIiyev Azərbaycanda səlahiyyət sahibi olduğu andan – 1969-cu ildən ömrünün sonuna qədər Azərbaycan dilinə təkcə adi ünsiyyət vasitəsi kimi deyil, onu həmçinin dövlət siyasətinə çevirmiş, bir an da olsa, diqqətdən yayındırmamışdır. Tarixi bir faktı xatırlamaq kifayətdir ki, respublikamızda baş verən məlum dəyişiklikdən, Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinə müxtəlif münasibətlər özünü biruzə verdi. Hətta Milli Məclis səviyyəsində «Azərbaycan dili» terminindən imtina etdilər. Bu, xalq arasında narazılıqla qarşılandı. Ona görə də, H.ƏIiyev hakimiyyətə gələn kimi, vəziyyətin çətin və gərgin olmasına baxmayaraq, bu məsələni bir neçə ay alimlərin, yazıçıların, ziyalıların, dövlət xadimlərinin – geniş mənada xalqın müzakirəsinə verdi.

H.Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə  Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı ulu öndər H.ƏIiyevin imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır.

1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur.

Ulu öndər Heydər Əliyev Azərbaycan dili haqqında səsləndirdiyi fikirlər bu gün də öz aktuallığını saxlamaqdadır. Yeni nəsil Azərbaycan gəncliyi istər orta, istərsə də ali məktəb dərsliklərində bu müdrik ifadələrdən bəhrələnməklə, azərbaycançılıq ideyalarını nəsildən nəsilə ötürərək tarixi missiyanı daşımaqdadır. Burada  Azərbaycan xalqının ümummilli lideri, ölməz tarixi şəxsiyyət olan Heydər Əliyevin Azərbaycan dili haqqında  səsləndiriyi fikirlə sonlandırmağı özümə borc bilirəm.

 “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Rəsmiyyə ALLAHVERDİYEVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər