Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, gənclərin bu sahədə maarifləndirilməsi istiqamətində silsilə tədbirlərə start verilib.
Aprelin 26-da şəhər 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon polis şöbəsinin, təhsil şöbəsinin əməkdaşları, QHT nümayəndələri, müəllimlər və IX-XI sinif şagirdləri iştirak ediblər.
Görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov çıxış edərək, narkomaniyanın insan həyatında yaratdığı fəsadlardan danışıb, onun insanlıq üçün böyük fəlakət olduğunu vurğulayıb. Ə. Həsənov narkomaniya əleyhinə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə tədbirlərindən də söz açıb.
Tədbirdə Ağcabədi Rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Tural Məlikov, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, mayor Rauf Kərimov, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova, təhsil şöbəsinin metodisti Tofiq Zeynalov çıxış edərək, yeniyetmə və gənclər arasında yayılan zərərli vərdişlərin, xüsusilə narkotik vasitələrdən istifadə hallarının artmasından təəssüfləndiklərini bildiriblər. Qeyd olunub ki, bu cür hallar gənclərin ictimai fəaliyyətlərdən uzaqlaşmasına səbəb olur, onların mənəviyyatına ağır zərbə vurur. Ona görə də narkomaniyaya qarşı mübarizə hamılıqla aparılmalıdır.
Sonda Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək, bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etməsindən danışıb, təşkilatçılara öz minnətdarlığını bildirib.
Tədbirin sonunda videoçarx nümayiş etdirilib.
Rəmziyyə HƏSƏNOVA