44 günlük Vətən müharibəsində Azərbaycan oğulları torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlərdə yeni tarix yazdılar. Zəfər, Qələbə tarixi… Bu tarixin yazılmasında gənc döyüşçü Aqşin Fazil oğlu Zeynalovun da payı vardır.
Aqşin Zeynalov 14 iyul 2001-ci ildə Hindarx qəsəbəsində dünyaya göz açıb. O, 2008-2018-ci illərdə Etibar İsmayılov adına qəsəbə 1 saylı tam orta məktəbində təhsil alıb. Aqşin məktəbi bitirdikdən sonra bir ilə yaxın fərdi əməklə məşğul olub, 2019-cu ilin iyul ayından isə Ağstafada “N” saylı hərbi hissənin quru qoşun bölməsində xidmət göstərib. Hərbi xidmət zamanı öz hərbi hazırlığı,bilik və bacarığı ilə əsgər və zabit yoldaşlarının dərin hörmətini qazanan Aqşin nümunəvi bir əsgər kimi çoxlarına örnək olmuşdur. Hələ 44 günlük Vətən müharibəsindən əvvəl Tovuz döyüşlərinin fəal iştirakçısı olan A.Zeynalov Vətən müharibəsi zamanı Murovdağ silsiləsi və Kəlbəcər istiqamətində gedən qızğın döyüşlərdə baş tuşlayıcı kimi, yüksək əzmkarlıq göstərmişdir. Onun göstərdiyi hərbi qəhrəmanlıq dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Aqşinin döyüşlərdə göstərdiyi qorxmazlıq və mərdlik haqqında onun döyüş yoldaşı, canlı şahid Vüsal Şahbazov söhbət zamanı dedi: “Aqşində düşmənə qarşı nifrət hissi o qədər böyük idi ki, o, ancaq irəliyə, rəqibə tərəf can atırdı. Olduqca mərd, qorxmaz, ürəkli bir əsgər idi. Biz hamımız onun bu cəsarətindən döyüş zamanı nümunə götürürdük. Ona oxşamağa çalışır, daha çox düşmən qüvvəsini məhv etməyə can atırdıq. Aqşin həqiqətən də tərifəlayiq bir Azərbaycan gənci, igid döyüşçüdür. İnanıram ki, o, dinc həyatda da öz layiqli yerini taparaq, elimizə, xalqımıza gərəkli bir vətənpərvər kimi ad çıxaracaqdır. Ona gələcək həyatında uğurlar arzulayıram!”
Uşaqlıqdan texnikaya böyük həvəs göstərən A.Zeynalov evdə, qonşuda bir elektrik avadanlığı xarab olanda həmişə onu təmir edər, köməyə çatardı. İndi onun bu həvəsi daha da güclənərək, peşə seçimində mühüm rol oynayıb. O, hazırda Ağcabədi Peşə Məktəbinin Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru kursunda elektrik peşəsinə yiyələnir. İnanırıq ki, burada o, elektrik peşəsinə mükəmməl yiyələnəcək. Aqşinə təhsildə və gələcək işlərində uğurlar arzulayırıq.
İlham HƏSƏNOV