2022-ci ilin birinci rübü artıq başa çatıb. Qazanılan ilkin uğurlar onu göstərir ki, bu il də əldə olunacaq nailiyyətlər üçün əsaslı təməl qoyulub.
Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12 apreldə cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə qeyd edilib ki, postmünaqişə dövründən keçən müddət ərzində ölkəmiz həm siyasi meydanda, həm də sosial-iqtisadi sahədə mühüm uğurlara imza atıb. Dünyanın bir sıra Beynəlxalq təşkilatları Qarabağ münaqişəsi ilə bağlı yeni reallıqları qəbul etməyə məcbur olublar. Bütün bunlar Azərbaycanın apardığı uğurlu xarici siyasət nəticəsində mümkün olub.
Müşavirədə siyasi sahələrdə qazanılan uğurlarla yanaşı, digər sahələrdə əldə edilən nailiyyətlər də əksini tapıb.
İşğaldan azad edilmiş ərazilərdə quruculuq, yenidənqurma işlərinin aparılması, xüsusən həmin ərazilərdə su, külək, günəş elektrik stansiyalarının inşası, ölkənin bir sıra parametrlər üzrə iqtisadi göstəricilərinin yaxşılaşması, o cümlədən, ümumidaxili məhsulun 6,8%, qeyri-neft iqtisadiyyatının 10%, sənaye istehsalının 4%, xarici ticarət dövriyyəsinin 60%, ixracın təxminən, 2 dəfə artması, xarici borcun 600 milyon dollardan çox azalması, xarici ticarət saldosunun 3 ayda 5 milyard dollardan artıq olması, vergi və gömrükdən əldə edilərkən gəlirlərin artması, əmək haqlarının və təqaüdlərin əsaslı şəkildə yüksəlməsi, əhalinin maddi rifahının nəzərə çarpacaq dərəcədə yaxşılaşması, yeni sosial və infrastruktur layihələrin həyata keçirilməsi ilin uğurlu təməlinin qoyulmasından xəbər verir.
Ümumiyyətlə, son illər ölkəmizdə bütün sahələr üzrə qazanılan uğurlar göz önündədir. 30 il işğal altında inləyən torpaqlarımızın erməni tapdağından azad edilməsi bunun əsasını təşkil edir. Demək olar ki, dünyanın əksər ölkələrinin Ermənistanın haqsız iddialarının dəstəkləməsinə, onlara maddi və hərbi dəstək verməsinə baxmayaraq biz haqq savaşında qalib gəldik.
Bu zaman Prezident İlham Əliyevin ölkənin iqtisadi inkişafına gətirib çıxaran islahatlar həyata keçirməsi iqtisadi potensialın güclənməsini ordu quruculuğuna, onun müasir silahlarla təchiz edilməsinə yönləndirilməsi mühüm rol oynayıb.
Ölkə əhalisinin qələbəyə inamı və silahlı qüvvələrin şəxsi heyətində peşəkar hərbçilərin yetişdirilməsi, onlarda Vətənə məhəbbət, ərazi bütövlüyünün bərpa edilməsinə əminlik hissinin aşılanması da xüsusi önəm daşıyıb.
Ölkə rəhbərliyinin beynəlxalq hüquqa söykənən uğurlu siyasi mübarizəsi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində informasiyaların yayılmasının təmin edilməsi öz töhfəsini verib.
Lakin təəssüflər olsun bu uğurları gözü götürməyənlər də vardır. Azərbaycanın inkişafını qəbul etməyən, onun uğurlarını gözdən salmaq istəyən bəzi ölkələr və Beynəlxalq təşkilatların qaragüruhçu fəaliyyətini aydın görmək olar.
Yəqin ki, haçansa arabanın “5-ci təkəri” olanların vicdanı gec-tez oyanacaq. Onda başa düşəcəklər ki, Vətəninə, xalqına, ölkə rəhbərliyinə qara yaxmaq heç kimə xeyir gətirməz.
Nazim BÜNYATOV
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı