Prezidentin tapşırığı ilə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri müntəzəm olaraq kənd və qəsəbələrdə vətəndaşların qəbulunu keçirir, sakinlərin qayğı və problemləri ilə maraqlanırlar.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov idarəetmənin bu cür canlı ünsiyyət vasitəsinə üstünlük verir, mövcud vəziyyətlə yerində tanış olur, təsərrüfatlara baş çəkir. Kömək üçün konkret əməli tədbirlərin görülməsini təmin edir.
Yerli icra orqanının cari və perspektiv fəaliyyət planları müəyyənləşdirilərkən əhalinin tələb və təkliflərinə xüsusi önəm verilir.
Rayon rəhbərinin növbəti səyyar qəbulu Nəcəfqulubəyli kəndində həyata keçirilib. Kənd sakinləri ilə keçirilən səyyar qəbulda icra başçısı ilə birlikdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanalarının, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbər işçiləri iştirak edib.
Rayon rəhbəri öz çıxışında əhali ilə dövlət qurumları arasında bu cür birbaşa dialoqların keçirilməsinin ölkə Prezidentinin xüsusi diqqətində olduğunu vurğulayıb, hər bir dövlət qurumunun hamı üçün əlçatanlığına nail olmaq əzmini ifadə edib. İcra başçısı bütün görüşlərində olduğu kimi, kənd sakinlərini diqqətlə dinləyib, onları narahat edən su qıtlığı, işıq problemi və otlaq sahələrinin lazımi qədər olmaması kimi çətinliklərin həlli istiqamətində öz məsləhət və tövsiyələrini verib. Bəzi məsələlər həllini elə yerindəcə tapıb. Digər problem və çətinliklərin həllini tapması üçün rayon rəhbəri əlaqədar qurumlara tapşırıqlarını verib.