Ramazan ayı həmrəylik, mərhəmət, dostluq, qardaşlıq, sevgi ayıdır. Bütün bayramlarda, xüsusi günlərdə şəhid ailələrini, qaziləri ziyarət edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Ramazan ayında da bu ənənəni davam etdirib. Aprelin 27 də rayon rəhbəri Rafil Hüseynov , Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin Ərzai orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət mayoru  Elçin Hüseynov, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucuv, şəhid valideynləri, ziyalılar Vətən müharibəsi şəhidi Xəyal Həziyevin ailəsini ziyarət ediblər.

    İftar süfrəsi arxasında Vətən uğrunda canından keçən oğullarımızın ruhuna dualar oxunub, onların  şərəfli döyüş yollarından söhbət açılıb. İcra başçısı  44 günlük Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, torpaq uğrunda canından keçən şəhidlərin gələcək nəsillərə örnək olan qəhrəmanlığından danışıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.

      Sonra çıxış edən Elçin Hüseynov bildirib ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonu ərazisində ağacəkmə aksiyası keçirilir. Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qarabağ Dirçəliş Fondunun nümayəndələrinin və şəhid analarının iştirakı ilə keçirilən aksiya çərçivəsində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən tədbirdə iştirak edən şəhid analarına ianə sertifikatı  verilir.

     Daha sonra müəyyən səbəblərdən növbəti aksiyada iştirak edə bilməyən şəhid analarının sertifikatları onlara təqdim edilib. Bildirilib ki,digər sertifikatlar da öz sahiblərinə çatdırılacaqdır.

     İftar süfrəsində iştirak edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, xalqımıza sülh,əminamanlıq diləyib,tutulan orucların qəbul olunmasını arzulayıblar