Aprelin 28-də Ağcabədidə əhalinin yanğından mühafizəsi, yanğın təhlükəsizliyi mövzusunda seminar-müşavirə keçirilib.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluğun nümayəndələrinin qatıldığı tədbirdə Hacıqabul, Şirvan, Saatlı, Sabirabad, Zərdab, Kürdəmir, İmişli, Beyləqan, Ucar, Tərtər, Bərdə, Ağdam, Füzuli rayonlarının icra hakimiyyəti başçılarının I müavinləri, həmin rayonların inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorları, “Azərişıq” və “Azəriqaz” Regional bölmələrinin nümayəndələri və digər aidiyyatı qurumların əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən əvvəlcə ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyəti qarşısında ucaldılan abidəsi ziyarət olunub, qarşısına çiçək dəstələri düzlüb.
Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzində keçirilən seminar-müşavirədə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, qonaqları salamlayıb və tədbir haqqında iştirakçılara məlumat verib. R. Hüseynov yanğın təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək hadisələrin qarşısının əvvəlcədən alınması və müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən söz açıb.
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev çıxışında bildirib ki, yanğınların böyük əksəriyyəti bilavasitə insan faktorundan asılıdır. İnsanların ehtiyatsızlığı üzündən meşələrdə qalanan ocağın söndürülməməsi, ətrafda tez alışa bilən maddələrin qalması, söndürülməmiş siqaret kötüklərinin meşəlik ərazilərə atılması və bu kimi yanğına səbəb ola biləcək digər halların qarşısı vaxtında alınmalıdır. Natiq çıxışında qeyd edib ki, yanğın baş verən ərazilərin normal vəziyyətə qayıtması üçün onilliklər lazımdır, belə hallar ətraf mühitə, insan sağlamlığına ciddi şəkildə ziyan vurur. F. Əliyev vurğulayıb ki, hər il ölkə ərazisində ekologiya və təbii sərvətlər nazirliyi tərəfindən minlərlə ağac əkilir, yaşıllıqlar salınır. Hazırda bu işlər işğaldan azad olunan ərazilərdə də davam etdirilir.
Sonra Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev, Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev və başqaları çıxış edərək, ölkə ərazisində baş verən yanğın hadisələrinin sayı, bu hallarının qarşısının alınması, fermerlərin əkin yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə lazımi tövsiyyələrini veriblər. Qeyd olunub ki, baş verə biləcək fövqəladə halların aradan qaldırılması üçün profilaktik və maarifləndirmə tədbirləri bundan sonra da müntəzəm davam etdiriləcək.
Rəmziyyə HƏSƏNOVA









