Görkəmli şəxsiyyət, oftalmoloq alim

İşlədiyin peşədən asılı olmayaraq, hər bir insan çalışmalıdır ki, öz məqsədləri naminə deyil, xalqı üçün yaşasın, millətinə xeyir versin. Görkəmli oftalmoloq alim Zərifə Əliyeva da belə xeyirxah insanlardan biridir. O, 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli ictimai-siyasi xadim olan Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Zərifə xanımın ata və anası əslən İrəvan şəhərindən olsa da, 1918-ci ildəki erməni vandallarının törətdikləri vəhşiliklərə görə Naxçıvana pənah aparıblar. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirib.

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Z.Əliyeva 1942-ci ildə orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1947-ci ildə oxuduğu ali təhsil ocağını əla qiymətlərlə başa vurub. Həmin dövrdə insan gözünü zədələyən və sonda korluğa səbəb olan “traxoma” adlanan infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları yox idi. Həmin dövrdə bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyıb. Belə bir dövrdə Zərifə xanım “traxoma” xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində fəal iştirak edirdi. O, xəstəliyin geniş yayıldığı rayonlara gedərək, həkim-oftalmoloqlara məruzələr oxuyub, əhali arasında maarifləndirici söhbətlər aparıb. 

Zərifə xanım nursuz gözlərə işıq vermək, füsunkar gözəlliklərə həsrət qalan insanlara həyat eşqini qaytarmaq məqsədilə Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq peşəsinə yiyələnir. O,1949-cu ildə vətəninə qayıdaraq, Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. Burada çalışdığı  ilk illərdən müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə yaxından məşğul olub. Göstərdiyi səy nəticəsində ağır göz xəstəliyi olan “traxoma”nın müalicə vasitəsi kimi güclü təsirə malik olan antibiotik-sintomisindən istifadə olunub. Uğurlu təqdiqatların nəticələri 1960-ci ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövsuzunda namizədlik dissertasiyası bu baxımdan mühüm əhəmiyyət kəsb edib. Alimlik dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq olunub, ölkəmiz bu ağır xəstəlikdən azad edilib. Buna görə də Azərbaycanda “traxoma”nın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır. 

Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə ciddi məşğul olmasına baxmayaraq, Z.Əliyeva elmi tədqiqat işlərinin davam etdirilməsinə də böyük əhəmiyyət verib. Çalışdığı sahədə ağır və gərgin əməyinin zəhməti hesabına o, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Professor Zərifə xanımın təklifi ilə ilə 1977-ci ildə ilk dəfə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti idarə heyətinin plenumu keçirilib. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş ittifaqın ən yaxşı akademik müəssələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynayıb. 

Uzun illər oftalmologiyanın inkişafında verdiyi böyük töhfələrə görə Z.Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına ən yüksək mükafatına layiq görülüb. O, həmin mükafata layiq görülən ilk qadın olub. 

Zərifə xanım həmçinin gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf edib. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu aktual məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə verib. Zərifə xanımın rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. 

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilib. Uzun sürən ağır xəstəlikdən sonra 1985-ci il aprelin 15-də böyük həkim-oftalmoloq Zərifə xanım Əliyeva dünyasını dəyişib. 

Hazırda onun yetirmələri Azərbaycanın bütün bölgələrində öz çalışdıqları sahələrdə vicdan və şərəflə xidmət edərək, alimin xatirəsini hörmətlə yad edirlər.  

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər