Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusuna həsr olunmuş konfransda çıxış edib.
Dövlət başçısı çıxışında bildirib ki, ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Prezident xüsusi olaraq vurğulayıb ki, Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.
İkinci Qarabağ müharibəsindən sonra baş verənlərə aydınlıq gətirən İ.Əliyev göstərib ki,Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
Bu gün Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Qarabağda yaşayan ermənilər vahid Azərbaycan dövlətində özlərini daha təhlükəsiz və rahat hiss edə bilərlər. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.
Təbii ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Hazırda aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif səviyyələrdə üçtərəfli görüşlərin təşkilinə dair Azərbaycandan artıq bir neçə dəfə təkliflər irəli sürülüb.
Rusiya-Ukrayna müharibəsindən sonra aydın oldu ki, Minsk qrupu həmsədrliyi artıq fəaliyyət göstərmir.
Azərbaycan Prezidenti qətiyyətlə bildirib ki, təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir.
Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması da bizim strateji maraqlarımıza əsaslanır, çünki Rusiya bizim qonşumuzdur.
Hazırda həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır.
Biz sülh gündəliyinə və iqtisadiyyata diqqətimizi ayırmalıyıq ki, hər il milyardları silah alınmasına yox, iqtisadi inkişafa yönəldək.
Vətən müharibəsi dövründə Ermənistanda gözləntilər var idi ki, Rusiya Qarabağda müharibəyə müdaxilə edəcək. Bu, baş vermədi, çünki biz öz ərazimizdə döyüşürdük. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı öhdəliklərə dair manipulyasiya cəhdləri edirdi. Lakin KTMT-nin mandatına üzv dövlətləri öz ərazilərində müdafiə etmək daxildir. Biz isə öz ərazimizdə döyüşürdük.
Ancaq müntəzəm qaydada, gündə bir neçə dəfə Rusiyadan təyyarələr vasitəsilə Ermənistana silah daşınırdı.
Prezident çıxışında böyük təəssüf hissi ilə bildirib ki, müharibənin bitməsindən sonra minalar səbəbindən 200-dən artıq hərbçi və mülki vətəndaş həlak olmuş və ya ağır yaralanmışdır. Ermənistan minaları müharibədən sonra yerləşdirib və Kəlbəcərdə yeni basdırılmış minanın partlaması nəticəsində faciə baş vermiş və iki jurnalistimiz həlak olmuşdur. Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir.
Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var.
İ.Əliyev diqqətə çatdırıb ki, Ermənistana və Azərbaycana verilmiş maliyyə paketi arasında böyük fərq mövcud idi və buna düzəliş olunmuşdur. Avropa İttifaqı Ermənistana 2.6 milyard, Azərbaycana isə 140-160 milyon avro yardım paketini elan edib. Bu, bir daha ikili standartların təzahürüdür. Ermənistan üçün ayrılmış vəsaitin böyük hissəsi kredit deyil, qrant olacaq, yəni hədiyyə. Azərbaycana isə yüz neçə milyon. Avropa İttifaqı Azərbaycana minatəmizləmə işlərinə 5 milyon avro ayıracaq.
Şübhəsiz, Azərbaycan üçün Avropa İttifaqı çox önəmli tərəfdaşdır.
Ermənistan və Azərbaycan münaqişəyə və illərdir davam edən işğala qeyri-müvafiq münasibətə təkcə məlumat çatışmazlığının səbəb olmaması, faktlarla bilərəkdən manipulyasiya edilməsi Azərbaycanı çox məyus edir. Ədalətsizliklə üzləşməyə başlayanda bizə belə gəldi ki, öz işimizi təqdim etmək, işğaldan əziyyət çəkənlərin Azərbaycan xalqının olduğunu, bizim torpaqların təcavüzün qurbanı olduğunu izah etmək üçün biz daha gərgin çalışmalı idik. Ermənilərin işğal dövründə etdiklərinə baxmayaraq, onların heç bir əməli heç vaxt hər hansı bir cəzalandırma və ya hətta qınaq obyekti deyildi.
İşğal olunmuş ərazilərdə 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdılmasına heç bir məhəl qoyulmamışdır. Lakin minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə olaraq ermənilərin dağıtdığı məscidlərə rəğmən, bu kilsənin bərpa ediləcəyi faktı indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır.
Azərbaycan Ermənistandan fərqli olaraq çoxlu etnik xalqların yaşadığı bir ölkədir.Biz Qarabağda yaşayan erməniləri öz vətəndaşlarımız hesab edirik. Ümid edirik, onlar da tezliklə anlayacaqlar ki, Azərbaycan vətəndaşları kimi yaşamaqla onların bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq. Burada bütün etnik qruplar, ermənilər da daxil olmaqla sülh və ləyaqət içində yaşayırlar.
Məlumdur ki, Türkmənçay və Gülüstan müqavilələrindən sonra Persiyadan və Şərqi Anadoludan ermənilərin bu ərazilərə köçü başlayıb. Bütün bunlar tarixi faktlardır. Həddən artıq tarixi keçmişə getmək, əslində, Ermənistanın uğursuzluğunun səbəbidir.
Ölkə rəhbəri çıxışında respublika iqtisadiyyatından da danışıb. Qeyd edib ki, cari ilin üç ayında iqtisadiyyatımız 7 faiz və ixracımız 90 faizdən çox artıb, o cümlədən enerjiyə aid olmayan ixrac sektorunda 45 faiz artım olub. Eyni zamanda, Azərbaycan sərvət və sabitlik yaradıcısıdır. İqtisadi, regional nəqliyyat əlaqələri nöqteyi-nəzərdən tamamilə yeni xəritə olmalıdır. Çünki artıq yeni nəqliyyat xəritəsini yaratmışıq. 2008-ci ildə Bakı-Tbilisi-Qars üzərində işləməyə başlayanda və 2017-ci ildə bu kəmərin tamamlanmasına nəzər salsaq görərik ki, bu, tamamilə yeni mənzərədir.
Zəngəzur dəhlizi Ermənistanın ərazisindən keçəcək. Bu məqsədə Azərbaycan artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikir və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra. Ermənistan bu prosesdə iştirak etməsə, onda ondan dolayı yollarla keçəcəyik. Prezident öz çıxışından beynəlxalq əlaqələrdən ətraflı söz açıb.
Sülhün bizim üçün zəruri olduğunu vurğulayan İ.Əliyev göstərib ki, İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin də yaraları var. Bunu başa düşmək olar.
Sülh prosesində sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşdirilməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir.
Ərazi bütövlüyü qırmızı xətdir. Xaricdə yaşayanların müxtəlif mövzularla bağlı fərqli mövqelərinə görə Azərbaycan məsuliyyət daşımır. Azərbaycan azad ölkədir və hər kəs – bizim vətəndaşlar və əcnəbi vətəndaşlar istədiyini söyləyə bilər. Əlbəttə, bunun bizim qanunvericiliklə ziddiyyət təşkil etməməsi şərti ilə.
İndi Rusiya ilə bizim ticarətimiz çoxşaxəlidir. Aprelin 26-sında Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası olub və gələcək planlarımıza dair çoxşaxəli məsələlər müzakirə edilib. İndiyə kimi biz hər il yaxşı nəticələr əldə etmişik. Ticarət dövriyyəsi artır. Bizim fermerlər üçün Rusiya bazarı böyük bazardır. Rusiya istehsalçıları üçün də Azərbaycan bazarı olduqca önəmlidir. Burada və orada çoxlu şirkətlər çalışır. Sözsüz ki, Rusiyadakı Azərbaycan icması çox böyükdür. Onlar da ticarət dövriyyəsinin artmasına töhfə verirlər. Lakin, sanksiyalar qalarsa, növbəti altı ayda və ya bir ildə nə olacaq, proqnozlaşdırmaq çətindir.
Azərbaycanın Fransa ilə də güclü mədəni münasibətləri, əlaqələri mövcuddur.
Rusiya sülhməramlılarının mövcudluğu məsələsi 10 noyabr gecəsi imzalanmış Üçtərəfli Bəyannamənin bir hissəsidir. Həmin Bəyannamədə hərbi heyətin və hərbi zirehli maşınların dəqiq sayları əks olunub, hər şey bu sənəd əsasındadır. Həmçinin onların sülhməramlı fəaliyyəti ilə bağlı müddət mövcuddur – 5 il. Əgər həmin razılaşmanın tərəflərindən hər hansı biri qərar versə ki, 5 il kifayətdir, onda müddətin sonuna 6 ay qalmış bu açıq şəkildə elan edilir. Rusiya sülhməramlıları ilə Azərbaycanın hərbi qulluqçuları arasında yaxşı səviyyədə qarşılıqlı əlaqə var.
Azərbaycan Prezidenti çıxış zamanı sülhməramlılarla əlaqədar məsələyə də münasibəti bildirib. Qeyd olunub ki, Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələr təyin olunması mühüm əhəmiyyət kəsb edib. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və o qədər də hərtərəfli düşünülməmişdir. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.