Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar çıxış edib. Dövlət başçısı qeyd edib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalıb. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Belə vəhşiliklər bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir.
Bildirilib ki, Zəngilan rayonunda quruculuq-bərpa işlərinə başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə sözügedən şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.
Keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biri olduğunu vurğulayan ölkə başçısı Zəngilan rayonuna ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə qayıdacaqlarını bildirib, Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər kəs işğaldan azad olunmuş ərazilər ilə bağlı Azərbaycanın planlarını görə bilər. Təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf – əsas amillərdir.Burada da dövlət nə mümkünsə edir, bütün güclər səfərbər olunub. Maliyyə vəsaiti səfərbər edilib. Keçən il və bu il bu məqsədlər üçün hər il üzrə 2,2 milyard manat vəsait nəzərdə tutulub, yəni, toplam 4,4 milyard manat. Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsait ayrılacaqdır.
Bu gün Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur.
Prezident çıxışında xüsusi olaraq qeyd edib ki, Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı.
Hazırda Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.
Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.
Dövlət başçısı bunu da diqqətə çatdırıb ki, təqribən 10-15 il ərzində nəqliyyat sektorunun inkişafına böyük əhəmiyyət verilib. Bu gün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilir və Azərbaycanın imkanları daha da artacaq.
Prezidentin qənaətinə görə, işğaldan azad olunmuş ərazilərd əhalinin məşğulluğu vacib məsələlərdən hesab olunur. Ağalı kəndində bu məsələ nəzərdə tutulub. Bu il orada yeni müəssisələrin yaradılması nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olacaqdır. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı olmalıdır.
İlham Əliyev çıxışı zamanı əlavə edib ki, görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar var. Ərzaq təhlükəsizliyi ön plandadır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Ancaq hələ ki, Azərbaycan özünü 100 faiz ərzaqlıq buğda ilə və bütövlükdə taxılla təmin edə bilmir. Burada əsas məsələ həm məhsuldarlıq, sudan düzgün istifadə edilməsi, eyni zamanda, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsidir. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, orada heyvandarlıqla genişmiqyaslı məşğul olmaq olar.
Həmin ərazilərdə kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilib. Kəndlər planlı şəkildə bərpa ediləcək. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Azad edilmiş bütün torpaqlarda görüləcək bütün işlər ancaq baş planlar əsasında olmalıdır.
Prezident İlham Əliyev əlavə olaraq göstərib ki, ermənistan işğal dövründə işğal altında olan torpaqların ekologiyasına da böyük zərər vurmuşdur.
Ona görə də Rəsmi İrəvan törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalıdır. Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir.
Çıxışın sonunda qeyd olunub ki, Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq.