Mayın 6-da Ağcabədi Pedaqoji Kollecində tədbir keçirilib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və “Şuşa ili” münasibətilə təşkil olunan sözügedən tədbirdə kollecin müəllim kollektivi və tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə kollecin direktoru Mirələm İbrahimli çıxış edərək, Heydər Əliyevin dünya səviyyəli siyasi xadim olması və onun çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açması haqqında ətraflı məlumat verib. M. İbrahimli beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli-mənəvi dəyərlərin qorunub saxlanması, vətəndaş cəmiyyətinin formalaşmasında və bu kimi başqa məsələlərdə dahi liderin misilsiz xidmətləri olduğunu vurğulayıb.
Sonra respublika səviyyəli yarışlarda yer tutan kollec tələbələri Fəxri fərmanlarla təltif olunublar.
Kollec tələbələrinin əl işlərindən ibarət “Zəfər sərgisi” iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbir musiqili kompozisiya ilə başa çatıb.
Rəmziyyə HƏSƏNOVA