Xalqın rifahı və dövlətin inkişafı naminə yaşanan ömür

Ölkəmizdə xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü yüksək əhval-ruhiyyə ilə təntənəli surətdə qeyd olunur. Bütün həyatını doğma xalqına həsr edən dahi rəhbər mənalı və şərəfli bir ömür yolu keçib.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması səbəbindən təhsilini başa çatdıra bilməyib.

İstedadlı gənc 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində çalışıb.

Onu 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə qəbul ediblər.

H.Əliyev 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.

Bacarıqlı kadr 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifələrinə irəli çəkilib.

O, 1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə başa vurub.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilməsi və həmin ildə general-mayor rütbəsi alması onun fəaliyyətində mühüm əhəmiyyət kəsb edir.

Xalqın layiqli övladı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

Dünya şöhrətli siyasətçi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə Azərbaycan SSR xalq deputatı və Naxçıvan Muxtar Respublikasının xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Dahi rəhbər 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri vəzifəsinə seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev yekdilliklə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən ulu öndər səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakı şəhərində, Fəxri xiyabanda dəfn olunub.

Ulu öndər beş dəfə keçmiş SSRİ-nin Lenin ,Qırmızı Ulduz ordenləri və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına layiq görülüb.

Ulu öndər xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonraAzərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilib.

Xalqın tarixi yaddaşının özünə qaytarılması Azərbaycanın surətli inkişafında hərəkətverici qüvvəyə çevrilib. Ulu Öndər hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edib, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilmiş Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələrə çevrilib. 1994-cü ilin sentyabrında onun rəhbərliyi altında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalanması müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoymuşdur və bu gün onun praktiki nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

Ulu öndər qısa müddət ərzində ordu quruculuğu sahəsində mühüm addımlar atılmasına nail oldu. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi.

Həmin dövrdə milli mətbuata göstərilən dəstək Ulu Öndər Heydər Əliyevin cəmiyyətdə demokratik münasibətlərin inkişafına xidmət edən siyasətinin parlaq təzahürüdür.

Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə öz müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınıb. Azərbaycan xalqının ümummilli liderinə çevrilib.

Dahi rəhbər misilsiz xidmətləri sayəsindəAzərbaycan xalqının məhəbbətini qazanıb.

Milli ideologiyanın yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi hesab olunur. Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.

Ümummilli liderin imzası ilə milli birlik rəmzisinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ən mühüm tarixi hadisə kimi diqqəti çəkib.  

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər