Rövşən Əhmədov: Prezident İlham Əliyev həm müdrik siyasi lider, həm də dəmir iradəli Ali Baş Komandan kimi bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu, ata vəsiyyətini yerinə yetirdi. Vətən müharibəsindən sonra regionda geosiyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. Cənubi Qafqazda növbəti əməkdaşlıq imkanlarına yol açacaq yeni şərait yarandı. Bu reallıqları Azərbaycan, onun Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev formalaşdırdı.
Bu gün post-münaqişə dövründə dövlətimizin qarşısında duran başlıca məqsəd, dinc mühitə və tərəqqiyə əsaslanan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini sürətli şəkildə həyata keçirmək, bölgənin iqtisadi inkişafına nail olmaq, ən yaxın gələcəkdə qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri dönməsini təmin etməkdən ibarətdir. Bu məqsədlə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün II Qarabağ müharibəsindən sonra dövlət büdcəsindən milyardlarla manat sərf edilmişdir.
II Qarabağ müharibəsində əldə edilən tarixi qələbədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi baxımından çox əlverişli imkanlar əldə etmişdir.
İllərdən bəri dövlət səviyyəsində dəstəklənən və təbliğ edilən faşizm ideologiyası və ifrat torpaq tamahkarlığı ilə qonşu ölkələrə qarşı bitib-tükənməyən ərazi iddialarının ağır nəticəsidir ki, bu gün Ermənistan iqtisadiyyatı hələ də öz tənəzzül dövrünü yaşamaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi düzgün strateji xətt, həyata keçirilən sistemli siyasi-iqtisadi kurs nəticəsində ötən illərdə işğalçı Ermənistan bütün mühüm beynəlxalq əhəmiyyətə malik regional layihələrdən kənarda qalmışdır.
Artıq münaqişə keçmişdə qalmış, ölkəmiz öz ərazi bütövlüyünü təmin etmiş və yeni bir dövr – sülh, əməkdaşlıq və inkişaf üçün dəyərli fürsət dövrü başlamışdır. Bu səbəbdən qeyri-konstruktiv mövqeyi səbəbindən bütün regional layihələrdən təcrid olunmuş və hələ də onun ağrı-acısını çəkən Ermənistan höküməti yaranmış bu fürsəti maksimal dərəcədə dəyərləndirmək, qonşu ölkələrə qarşı ərazi iddialarından imtina etmək məcburiyyətindədir. Post-münaqişə dövründə əsas məqsəd də məhz kommunikasiya əlaqələrinin qurulması və bölgədə davamlı sülhü təmin edəcək dövlət sərhədlərinin delimitasiya və demarkasiya proseslərinin başlanılması və iki ölkə arasında iqtisadi münasibətlərin bərpa edilməsidir. Yalnız bundan sonra qonşu ölkələrin ərazi bütövlüyünü tanımaq və ölkəmizlə imzalanacaq sülh müqaviləsini əldə etməklə inkişafa nail olmaq mümkündür.
Ermənistandan fərqli olaraq, ölkəmiz hər zaman üzərinə götürdüyü bütün öhdəliklərin, o cümlədən, kommunikasiya əlaqələrinin açılması ilə bağlı razılaşmaların yerinə yetirilməsinə sadiqliyini vurğulamışdır. Azərbaycan bölgədə davamlı sülh və sabitliyin bərqərar olmasına, beynəlxalq hüququn ali prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət əsasında yeni əməkdaşlıq formatları çərçivəsində münasibətlərin normallaşdırılmasına tərəfdardır. Bu baxımdan, Zəngəzur dəhlizi uğurlu regional əməkdaşlıq nümunəsi olmaqla yanaşı, bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə də öz töhfəsini verəcək.
Zəngəzur dəhlizi beynəlxalq layihəsi müasir geosiyasi reallıqlar və siyasi-iqtisadi maraqlar baxımından Türk dövlətlərinin güclənməsinə, bu birliyin beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və iştirakının artmasına xidmət edəcək.