Respublika Prezidenti cənab İlham Əliyev həmişə bir fikri səsləndirir: məmurun vəzifəsi xalqa xidmət etməkdir.
May ayının 4-də Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunması ilə bağlı keçirdiyi görüş zamanı cənab Prezident tərəfindən səsləndirilən fikirlər bunu bir daha sübut etdi.
Cənab Prezident çıxışında bir sıra vacib məsələlərə də öz münasibətini bildirərək qeyd etmişdir ki, Ermənistan işğal dövründə digər ərazilərimizdə etdikləri kimi Zəngilanda da böyük vandalizm həyata keçirmiş, şəhərin özü və kəndləri tamamilə dağıdılmış, ekoloji terror həyata keçirilmiş, tarixi və mədəniyyət abidələri talan edilmiş, bütün infrastruktur dağıdılmış, Avropada ikinci ən böyük təbii çinar meşəsi doğranmış və məhv edilmişdir.
Zəngilan rayonu həm coğrafi mövqeyinə, həm loqistik imkanlar baxımından, həm də turizm potensialı cəhətdən xüsusi əhəmiyyət daşıyır. Təbii iqlim və landşaft bu ərazidə kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirməyə imkan verir.
Cənab Prezident qeyd etmişdir ki, artıq Zəngilanda bərpa işlərinə start verilmişdir. Tezliklə Zəngilanlılar öz doğma yurdlarına qayıtmağa başlayacaqlar. Əhalinin məşğulluğu təmin edilməsi, əhalinin məskunlaşmağı üçün bütün zəruri şəraitin yaradılması qarşıda duran ən mühüm vəzifədir.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu beynəlxalq nəqliyyat- loqistika şəbəkəsində mühüm rola malik olacaqdır. Zəngilanda başlamış böyük infrastruktur layihələr onu deməyə əsas verir ki, dövlətin dəstəyi nəticəsində bu bölgədə hərtərəfli inkişafın təməli qoyulmuşdur. Həllini gözləyən bəzi məsələlər isə diqqət mərkəzindədir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı