Bu günlərdə həmyerlimiz, balaca idmançı Sarvan redaksiyamızın qonağı olub. İdman aləmində ilk uğurlu addımlarını atan Sarvan Şamil oğlu Əkbərli 28 iyul 2013-cü ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, ailə vəziyyəti ilə əlaqədar xeyli müddət Bakı şəhərində yaşayıb. Paytaxtın 272 saylı tam orta məktəbinin 3-cü sinif şagirdi Sarvan bu yaxınlarda ailəsi ilə birlikdə doğma Salmanbəyliyə dönüb.
S.Əkbərli kiçik yaşlarından Bakı şəhərində İBKO-SAKAMOTO təşkilatının nəzdində Karatrnin Kyokuşin Karate növü ilə məşğul olmağa başlayıb. O, dəfələrlə müxtəlif idman yarışlarının mükafatçısı olub. Həmişə qətiyyəti, qələbə arzusu ilə başqalarından seçilən Sarvan haqqında onun məşqçisi Famil Abbasov bunları söylədi: “Sarvan yaşca kiçik olsa da onun gələcəkdə yetkin və güclü idmançı olacağına əminəm. O, özünə çox güvənir. Məşq və təlimlərdə yorulmaq nə olduğunu bilmir. Həmişə yeni fəndlər üzərində çalışır. Sarvan çox qorxmaz, qətiyyətli, inadkar idmançıdır. Adam onunla söhbət edəndə, məşq zamanı olduğu kimi zövq alır. Həyata öz baxışı olduğu kimi, idmanda da öz yolu, döyüş tərzi, üslubu var. İnanıram ki, belə getsə, çalışsa o, gələcəkdə çox böyük bir idmançı olacaq. Ona gələcəkdə həmişə uğur qazanmağı, daha böyük qələbələrə imza atmağı arzulayıram.”
Redaksiyamızda olarkən yaşca balaca, amma böyük ürək sahibi olduğuna inandıq Sarvanın… Onun danışığı, dedikləri çox məntiqli idi. İstedadlı idmançını aprelin 23-də Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən 23-cü Açıq Respublika Birinciliyi üzrə Azərbaycan Fullkontakt Kyokuşin Karate Federasiyası tərəfindən 8-9 yaşlı yeniyemələr üzrə 25 kiloqram çəki dərəcəsində 1-ci yerə layiq görülərək, diplom və qızıl medalla təltif olunması münasibəti ilə təbrik etdim. O, sağ olun, deyib, bir az fikrə getdi və nəhayət, kədərli notlarla əlavə etdi: “Əmi, mümkünsə qeyd edin ki, mən bu qələbəni həmyerlimiz, Şuşa fatehi, şəhid Samir Mikayıllıya həsr etmişəm. Növbəti qələbəmi isə əmim, 44 günlük Vətən müharibəsinin qazisi Familə həsr etmək fikrindəyəm. Çalışacağam ki, həyatda onlar kimi torpaq qədri bilən olum…”
Adil MİSİRLİ