Elimizin qədim obaları
Bu yazıda əslən tərəkəmə olan Qaradolaq elatından söhbət açmaq istəyirəm. Qaradolaqlar məşhur Kəngərli tayfasının bir qoludur. Kəngərlilər isə Ustaclı tayfasının tərkibinə daxildir. Məlumdur ki, kəngərlilər peçeneq tayfalar ilə bağlıdır. Peçeneqlərin köçəri türkdilli tayfa ittifaqı olduğu məlumdur. VI-IX əsrlərdə Volqa və Ural ərazisinə köçüb yaşayan peçeneqlər oğuz, qıpçaq və xəzərlərin təzyiqi altında Qərbə üz tutdular. IX əsrdə Qara dəniz sahili çöllərdə macarları məğlub edən peçeneqlər Aşağı Volqadan Dunay çayının mənsəbinə qədər ərazini tutmuşdular. Məşğuliyyətləri maldarlıq olub. Peşeneqlər-ustaclılar-kəngərlilər-qaradolaqlar hunların tərkibində Şərqi Romaya, Bizansa, Türkiyə adlandırılan ərazilərə pənah gətirmişlər. Bu qədim Naxçıvanda Kəngərli düzünə aid olunan faktlarda təsdiqini tapıb. Arazboyu maili düzəngahlığa kəngərlilərin V əsrdə gəldikləri məlumdur.
Qızılbaş feodalları Səfəvilərlə müttəfiq olub, Ustaclı kimi tarixə çevrilmiş tayfanın Kəngərli qolunun sayılıb seçilən Qaradolaq qanadının Səfəvilər dövlətinin yuxarı təbəqəsi olan tayfa əyanları cərgəsində qaradolaqlar xüsusi önəm daşıyıblar.
Səfəvilərin 300-500 nəfərdən ibarət bölümləri olmuşdur. Döyüşən süvari ordusunda qollarına fərqlənmə nişanı kimi qara lent, qara dolaq dolayan igidlər, ərənlər, qaradolaqlılar adlandırılmışlar. Akademik Budaq Budaqov bildirir ki, qaradolaqlar (İrəvan ərazisində) Zəngibasar rayonunun Çobankərə kəndində yaşamışlar. Həmin ərazidə Qaradolaq qəbiristanlığı olmuşdur. Qax rayonunun İlisu kəndində də qaradolaqlar yaşamışlar. Bu gün də həmin kənddə qaradolaqlar məhəlləsi mövcuddur. Bəzi mənbələrə görə XVI-XVII əsrlərdə qaradolaqların müəyyən hissəsi məhz İlisu kəndindən İrəvanın Zəngibasar qəzasının Çobankərə kəndinə köçmüşlər. Qaradolaq tayfası Çobankərədə yerli tayfa ilə aralarında söz-söhbət olduğuna görə 1810-1820-ci illərdə qaradolaqların xeyli hissəsi Kür çayının qırağına, Axmaz adlanan Küratan hissəsinə pənah gətirirlər. 1937-ci ilədək Küratanda yaşayan qaradolaqlar çox vaxt Kür çayının daşaraq ətrafı su basması ilə əlaqədar indiki ərazidə, 1750-ci illərə qədər İran şahlarının qış yatağı kimi tanınan, hazırda Qaradolaq, Yeni Qaradolaq və Mehrablı kəndlərinin yerləşdiyi ərazidə məskunlaşmışlar. 17 min hektarlıq Haramı düzünün aşağı hissəsində yerləşən bu ərazi məşhur “Dəvə yolu” adlanan yerdən cəmi 10-12 kilometr aşağıdadır. Bu karvan yolu Şərq dünyasını Rusiya, Ərəbistan, Suriya ilə birləşdiyinə, həm də Gavur arxının yaxınlığında olduğuna görə çox əlverişli hesab edilirdi.
1500 il bundan qabaq Orta Asiyadan köçüb gələn türkdilli Barlas tayfaları tərəfindən çəkildiyinə görə, bu arx həm də Barlas arxı kimi yaddaşlarda kök salmışdır. Gavur arxı ilk dəfə Teymurləng tərəfindən, 1750-ci ildə isə Nadir şah Əfşar tərəfindən təmir edilmişdir. Gavur arxının nişanələri indi də durur. “Xan qızı arxı” (Sovet dönəmində Orcenikidze kanalı) adlanmışdır.
Qaradolaq mahalından çox məşhur adamlar çıxmışdır. Azərbaycanın dilbər guşəsi və Muğam mərkəzi olan Qarabağın məşhur xanəndəsi Zülfü Adıgözəlov qaradolaqların Atakişibəyli tirəsinin Məmmədbəyli sülaləsində 1898-ci ildə Səməd kişinin Küratandakı daxmasında dünyaya göz açmışdır. Qaradolağın sadə bir ailəsində sənət aləmində öz təkrarsız izini qoyan belə böyük bir sənətkar yetişmişdir. Özünün çox məlahətli səsi ilə insanların qəlbini ovsunlayan bu mahir el sənətkarı Bakı kəndlərində xüsusi hörmət və izzətə sahib olmuşdur. Xanəndə musiqiyə çox erkən yaşlarından həssas olmuş, hələ gənc yaşlarında muğam sənətinin böyük bir nümayəndəsi kimi ad çıxarmışdır. Onun oxuduğu “Rast” muğamı təkrarolunmazdır. O, bu muğama öz silinməz möhürünü vurmuşdur.
Qaradolaq elatının tarixinin araşdırılmasında camaatın böyük oğlu, akademik Budaq Budaqovun böyük rolu olmuşdur. Zəngibasar rayonunun Çobankərə kəndində anadan olan qaradolaqlı Budaq Budaqov sonralar Azərbaycanda coğrafiya elmi sahəsində xidmətlər göstərmişdir.
Dünya şöhrətli seleksiyaçı, məşhur Qaradolaq qoyun cinsini yetişdirən həmyerlimiz Hacı Məmmədhüseyn Qaradolaq obasındandır. O, bu qoyun cinsinin yetişdirilməsində, saxlanılmasında, ölkəmizdə və Yaxın Şərq ölkələrində yayılmasında müstəsna rol oynamışdır.
Yeri gəlmişkən, qeyd edək ki, Qaradolaq elatının nümayəndələri hazırda icma halında rayonumuzun Qaradolaq, Yeni Qaradolaq, Mehrablı və digər ərazilərində, eləcə də, Beyləqan rayonunda və İran, Suriya, Türkiyə, Əfqanıstan kimi ölkələrdə məskunlaşmışlar.
Adil MİSİRLİ