May ayının 9-u keçmiş SSRİ-nin hər yerində, o cümlədən ölkəmizdə Faşizm Almaniyasının üzərində qələbə bayramı kimi qeyd edilir.
Azərbaycan Respublikası o zamanlar SSRİ-nin tərkibində olduğu üçün SSRİ bizim vətənimiz hesab edilirdi. 700 min nəfərdən artıq azərbaycanlı müharibədə iştirak etmiş, onlardan təxminən 400 min nəfəri həlak olmuşdur. Həmin müharibədə iştirak edənlər içərisində atam, həlak olanların içərisində isə əmim olmuşdur.
Müharibənin başlanmasından 80 ildən artıq vaxt keçir. 1980-ci ildə Alman Faşizmi üzərində Qələbənin 35-ci ildönümü ərəfəsində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və köməyi ilə müharibədə xüsusi sücaət göstərmiş Azərbaycanın 416-cı Taqanroq diviziyasının şərəfinə Taqanroq şəhərinin yaxınlığında, Primorka kəndinin 2-3 kilometrliyində ucaldılmış möhtəşəm abidənin açılışına divizyanın döyüşlərdə xidmətləri olmuş veteranlarından bir qrup, o cümlədən atam Əlaslan Bünyatov da dəvət almışdı.
Abidənin açılışında Ulu Öndər Heydər Əliyev, Rostov Vilayət Partiya Komitəsinin və icraiyyə komitəsinin rəhbərləri iştirak etmişlər. (bu açılış videolentlərdə və şəkillərdə öz əksini tapır). Açılışdan əvvəl Respublika Veteranlar Şurasının sədri ( adını təəssüf ki, unutmuşam) Ulu Öndər bildirir ki, bu tədbirdə iştirak edən veteran Əlaslan Bünyatovun kiçik qardaşı Əlinağı Bünyatov Taqanroq uğrunda gedən döyüşlərdə 1943-cü ildə qəhrəmancasına həlak olmuş, bu abidədən 2-3 km məsafədə yerləşən Primorka kəndinin qəbiristanlığında dəfn olunmuşdur. Ulu Öndər deyir ki, biz sabah veteranın qardaşının qəbrinin ziyarət edilməsini təşkil edəcəyik.
Səhərisi gün atam, Veteranlar Şurasının sədri bə qrup veteran Taqanroq şəhərinin İcraiyyə Komitəsinin sədr müavini Pilipenkonun müşayiəti ilə qəbri ziyarətə gedirlər. Onda məlum olur ki, Ulu Öndərin göstərişi ilə bir gün ərzində qəbrin üstü yenidən götürülüb və ətrafına gül-çiçək əkilib.
Ulu Öndər Bakıya qayıdan kimi göstəriş verir ki, Ağcabədi rayonunun Salmanbəyli kəndində olan və 416-cı Taqanroq diviziyasının döyüşçüləri olmuş Bünyatov qardaşları barədə sənədli film çəkilsin.
İyun ayının əvvəllərində Kinostudiyanın 2 nəfər əməkdaşı atamla müəyyən çəkilişlər etmək üçün Taqanroq şəhərinə getməli oldular.
Mən həmin vaxt Azərbaycan Dövlət Universitetinin III kursunda təhsil alırdım. Atam mənə dedi ki, qalan imtahanları vaxtından əvvəl verə bilərsən? Əgər imtahanları verə bilsən səni də özümlə Taqanroq şəhərinə apararam ki, nəslimizdə heç olmasa 1 nəfər əmin Əlinağının məzarının yerini bilsin. Mən dedim ki, iki imtahanım qalıb, onları da verə bilərəm. Atam fakültə dekanının yanına gedib, imtahanları vaxtından əvvəl vermək üçün icazə aldı. Ertəsi gün mən imtahanları verib, atam və operatorlarla birlikdə Taqanroq şəhərinə yola düşdük.
“Həyat naminə” adlanan sənədli filmin bir hissəsi Taqanroq şəhərində Sambek təpəsində 416-cı divizyanın şərəfinə ucaldılmış abidədə və Primorka kəndində əmim Əlinağı Bünyatovun məzarı üzərində, ikinci hissəsi yaşadığımız Salmanbəyli kəndində (o vaxt rəhmətlik nənəm Qüdrət Sofiyeva sağ idi) oldu. Bir neçə ay sonra “Həyat naminə” adlanan həmin sənədli film Salmanbəyli kəndində və Ağcabədi rayon Mədəniyyət evində nümayiş etdirilmişdir. Çox təəssüf ki, texniki təminat imkan vermədiyi üçün həmin vaxt filmin surətini saxlamaq mümkün olmamışdır.
Məhz buna görə də Bünyatovlar ailəsi Ulu Öndərin ailəmizə qarşı bu həssas münasibətini böyük məmnuniyyət və şərəf hissi ilə xatırlayırlar.
Allah Ulu Öndərimizə rəhmət etsin.
Nazim Bünyatov.