Mayın 13-də ADPU-nun Ağcabədi filialında Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin 160 illiyi ilə bağlı tədbir keçirilib.
Tədbirdə qonaq qismində AYB-nin üzvü, “Aran” qəzetinin redaktoru Məhsəti Musa, AYB-nin üzvü, mədəniyyət işçisi, Gündüz Sevindik və “Ələk” ədəbi məclisinin digər üzvləri iştirak ediblər.
Yubiley tədbirində universitetin kafedra müdiri, dosent Vaqif Allahverdiyev çıxış edərək, M.Ə. Sabirin həyatı, təhsili, yaradıcılığı haqqında ətraflı məlumat verib. V. Allahverdiyev şairin dövrü mətbuatda dərc olunan yazıları, zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları ifşa edən satiraları barədə söhbət açıb. Sonra Gündüz Sevindik, Qərənfil Rzayeva və filialın tələbələri çıxış edərək, dahi şairin yaradıcılığındakı şeirlərin qüdrətindən, Seyyid Əzim Şirvaninin onun həyatındakı rolundan, ölümündən sonra nəşr olunan “Hophopnamə”dən geniş şəklidə danışıblar.
Tədbirdə tələbələrin ifasında şairin yaradıcılığından nümunələr səsləndirilib, səhnəciklər nümayiş olunub.
Sonra ADPU Ağcabədi filialının direktoru Mobil Məcidov çıxış edərək, tələbələrə bu cür təşəbbüsləri üçün təşəkkürünü bildirib. Belə tədbirlərin davamlı olacağını vurğulayıb.
Daha sonra tədbirin təşəbbüskarı olan AZD-2101B qrupunun tələbələr ilə dəyirmi masa arxasında görüş təşkil olunub. Onların fəallıqları xüsusi qiymətləndirilib, gələcək tədbirlər üçün təklifləri dinlənilib və bu tədbirlərin həyata keçirilməsində lazımi köməkliklərin olunacağı qeyd olunub.
Yekunda xatirə şəkilləri çəkdirilib.