Təzəkənd kənd sakini Allahverdi Qasımov rayonun bacarıqlı fermer təsərrüfat rəhbərlərindəndir. O, uzun illərdir ki, kənd təsərrüfatı işləri ilə məşğul olur. Səriştəli təsərrüfatçı sovetlər dönəmində M.Ə.Sabir adına kolxozda təsərrüfat briqadiri, mexanik vəzifələrində çalışıb. O, kolxoz quruluşu dağıldıqdan sonra özünə məxsus pay torpağında əkin-biçin işləri ilə məşğul olub, ailəsinin dolanışığını təmin edib.
A.Qasımov hazırda Təzəkənd kəndində fəaliyyət göstərən fermer təsərrüfatına rəhbərlik edir. O, 2022-ci il mövsümündə sözügedən fermer təsərrüfatına məxsus 10 hektar sahədə pambıq əkini aparıb. Özünün dediyinə görə, yüksək aqrotexniki qaydada həyata keçirilən çiyid səpini uğurla başa çatdırılıb. Bunun nəticəsində sahələrin hamısında yaxşı bitiş alınıb. Artıq becərmə işlərinə start verilib. Əkin sahələrində görüləcək becərmə tədbirlərinə fermerin ailə üzvləri, yaxınları cəlb olunublar.
Pambıq sahələrində suvarma və kultivasiya işləri nümunəvi təşkil olunur. Suvarma sahəsində heç bir problem olmadığını vurğulayan təsərrüfat rəhbəri traktorçular, oğlu Sənan Qasımov və qardaşı oğlu Kənan Qasımovun kultivasiya işlərini səmərəli təşkil etdiklərini qeyd edib. İstehsalçı əlavə olaraq bildirib ki, əkin sahələrinnin kübrə ilə vaxtında təmin olunması da diqqət mərkəzində saxlanılır.
Yeri gəlmişkən qeyd edək ki, fermer təsərrüfatında ötən pambıq mövsümü ərzində uğurlu nəticə əldə olunub. Həmin dövrdə 8 hektar əkin sahəsindən 40 tondan çox məhsul tədarük olunub. Bu da hər hektarda 50 sentner “ağ qızıl” deməkdir.
Təcrübəli pambıqçı sonda qeyd edib ki, bu il də ötən mövsümdə qazanılan uğuru davam etdirmək fikrindədir. Odur ki, kollektiv üzvləri tərəfindən sahələrdən 55 sentnerdən çox məhsul götürülməsi qərara alınıb.
Yəhya PAŞAZADƏ