Ehtiramla yad olunan insan

         Həyatda çox insanlar yaşayır, ömür-gün sürür, fəaliyyət göstərirlər. Lakin onların çox qisminin əməlləri, ömürləri zamanın yaddaşına köçürülür. Daha dəqiq desək özlərindən sonra iz qoyur, həmişə xatırlanırlar. Elin gözü tərəzidir, deyirlər. Belələri tutduqları vəzifələrindən, gördükləri işlərindən, mövqelərindən asılı olmayaraq, sınaqdan çıxarılır, sayılıb-seçilir, əsl el məhəbbəti qazanırlar. Həmişə gərəkli olan bu cür insanlar nəsillərin gələcək ünvanlarının daimi müsafirlərinə çevirirlər.

Tanınmış ziyalı, nüfuzlu ağsaqqal Müstəcəb Əliyev də həmin şəxlərdəndir. Bu dəyərli insan “Ağcabədi pambıqçısı” qəzetinin ilk redaktorlarından hesab olunur.

Əliyev Müstəcəb Mikayıl oğlu 1907-ci ildə rayonun Kəbirli kəndində anadan olub. O, 1925-1929-cu illərdə Lənkəran Pedaqoji Məktəbində, 1937-1939-cu illərdə isə Bakıda Müəllimlər İnstitutunun dil-ədəbiyyat fakültəsində, Bakı Ali Partiya Məktəbində təhsil alıb.

M.Əliyev rayonda bacarıqlı  pedaqoq kimi tanınıb, səmərəli fəaliyyətinə görə 1940-cı ildə respublikanın əməkdar müəllimi fəxri adına layiq görülüb.

Onun həyatında rayonda çıxan “Ağcabədi pambıqçısı” qəzetinə rəhbərlik etdiyi illər xüsusi önəm kəsb edib. Təcrübəli ziyalı 1943-1945-ci illərdə qəzet redaktoru kimi məhsuldar fəaliyyət göstərib. Həmin dövrdə “Ağcabədi pambıqçısı” qəzeti rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatının işıqlandırılmasında önəmli rol oynayıb. Müstəcəb müəllim özü də redaktor kimi böyük nüfuz qazanıb.

Təsadüfi deyildir ki, qəzetçilik sahəsində qazandığı təcrübə, rəhbərlik qabiliyyəti onun sonrakı fəaliyyətində mühüm əhəmiyyət kəsb edib. Müstəcəb müəllim 1954-1956-cı illərdə Ağcabədi Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb, uzun illər rayon partiya komitəsinin plenum və büro üzvü, rayon sovetinin deputatı olub.

Geniş və hərtərəfli dünyagörüşünə, nitq mədəniyyətinə, ünsiyyət qurmaq məharətinə, davranış xüsusiyyətlərinə malik bu xeyirxah insan rayonda, bütövlükdə, Qarabağ bölgəsi əhalisi arasında yüksək hörmət və nüfuz qazanıb. O, uzun müddət partiya və sovet işlərində fədakarlığına və qüsursuz fəaliyyətinə görə, 1966-cı ildə fərdi təqaüdə layiq görülməklə rayonda ilkə imza atıb.

M.Əliyev həmçinin rayonda tələbkar və qayğıkeş bir ailə başçısı kimi də tanınıb. Beş övlad böyüdüb, boya-başa çatdıran, hər birinin ali təhsil almasına dəstək verən el ağsaqqalının adı həmişə uca tutulub.

Tanınmış ziyalı, nüfuzlu ağsaqqal, gözəl insan M.Əliyev 1973-cü ildə, 66 yaşında dünyasını dəyişib. Onun adı bu gün də  qədirbilən ağcabədililər tərəfindən böyük ehtiramla yad edilir.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com