Yolunu gözləyirik, Nuray

         Nuray Əmirli M.F.Axundov adına 3 saylı məktəb-liseyin Va sinif şagirdidir. Ailənin yeganə övladı olan bu balaca qız yaşıdları arasında həmişə öz qabiliyyəti və bacarığı ilə seçilib. Tədbirlərdə fəal iştirak edən Nuray, öz gözəl rəqsləri, ifa etdiyi şeirlər ilə hər kəsin qəlbində nurlu obraz yaratmağı bacarıb.

Nuray həm də dərs əlaçısıdır. Məktəbimizdə uşaqdan böyüyə qədər hamı onu çox sevir. Son bir ildə o, ağır leykoz diaqnozu ilə müalicə olunur. Gözəl şagirdin sağalması üçün məktəbimizin bütün müəllim və şagirdləri Allaha dua edir və bacardıqları köməkliyi əsirgəmirlər.

Məktəbin iki nəfər müəllimi isə Nurayın ailəsini himayəyə götürüb.

Nuray əslən Laçındandır. Hamımızda belə bir inam vardır ki, bu balaca qızcığaz sağalacaq və doğma Laçında, gözəl Şuşada öz bacarığını, insanlara olan sevgi və məhəbbətini bütün dünyaya bəyan edəcək.

Nuray Əmirli gözəl ürək sahibidir. Görkəmli şair Bəxtiyar Vahabzadə demişkən:

Mən neynirəm o ürəyi
O bilməyir düşünməyi
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil,
O, heç mənə gərək deyil.

Belə bir ürək sahibnin yetişməsində onun valideynləri ilə ibtidai sinif müəllimi Sevda Quliyeva, V sinfin rəhbəri Arzu Şirinovanın böyük zəhməti var .

Bir müddət öncə televiziya kanallarından birində Nuraya dəstək məqsədi ilə keçirilən aksiyaya məktəbin pedaqoji kollektivi, şagirdlər də qoşuldular. Onun müəllimləri S.Quliyeva, A.Şirinova və 9 nəfər sinif yoldaşı sözügedən verilişdə iştirak etməklə bir daha istedadlı balamıza dəstək olduqlarını, ağır zamanda birliklərini nümayiş etdirdilər.

Bu dəstəyə görə Va sinfinə pedaqoji şuranın qərarı ilə “Məktəbin fəxri sinfi” adı verilib. İnanırıq ki, Nuray qayıdacaq, fəxri sinfin fəxri üzvü olacaq. Məktəb tədbirləri yenə də onun gözəl ifaları ilə nurlanacaq. Nurayımız özündən başqa da xəstə uşaqların sağalması üçün xalqımıza müraciət edib. Dünyanın hər yerindən dəstək alıb. Artıq 10 nəfərin sağalması reallaşıb. Bəlkə də, bu bir tale yazısıdır. Nurayın nə qədər böyük bir ürəyə sahib olduğu hamıya bəlli olub.

Sən ən zərif bir çiçəksən, Nurayım,
İşıq saçan bir mələksən, Nurayım,
Böyük qəlbin, böyük gücün var sənin,
Özün boyda bir ürəksən, Nurayım.

Allah sənə şəfa versin gözəl balamız. Sağal tez qayıt, valideynlərini, müəllimlərini, şagird yoldaşlarını sevindir!

Camal Abbasov,

Zəhra İbrahimova,

respublikanın əməkdar müəllimləri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər