32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Məhsəti Musa – “Mən Şuşadan gəlirəm”

   Şuşanın azad edilməsindən sonra ora gedən qələm adamlarının çoxu öz təəssüratlarını yazıb. Bəlkə mən yazmayım? Axı hamımız illər boyu eyni həsrəti yaşamış, Şuşaya gedərkən də oxşar hissləri keçirmişik.  Qoy mənim təəssüratlarım özümdə qalsın. Sosial şəbəkələrdə paylaşdığım fotolar,  hisslərimi, duyğularımı müəyyən qədər ifadə edər yəqin ki… Axı heç yaza da bilmərəm. Hələ də göylərdə uçuram. Hələ də Şuşa ab-havası çəkilməyib başımdan. Onları ümumiləşdirib ifadə etməyə hazır deyiləm…

     Əslində festivaldan qayıdandan sonra bu cür düşünsəm də, sonra alınmır. Hələ həmin gün atası ilə məni qarşılamağa gələn oğlum Şuşada keçən hər dəqiqəmi təsvir etməyimi israr edir. Yorğun, islanmış, halsız vəziyyətdə olsam da, yol boyu şəkilləri, videoları göstərib Şuşadan danışıram. Səhəri gün işdə əməkdaşlar, xüsusən də gənc xanımlar ətrafıma toplanıb orada nələr hiss etdiyimi, nələr yaşadığımı danışmağımı istəyirlər. Danışdıqca kövrəlirəm. Qızlarım bunu görüb :  “O zaman yazın, xahiş edirik, yazın, biz də hiss edək o yaşantıları” – deyirlər. Bir az ürəklənirəm.  Sonra şair dostum Gündüz Sevindik mənə  mesaj yazır. Hal-əhval tutur, ardıyca Şuşa təəssüratlarımı bölüşməyimi istəyir. Bir neçə dəfə səsli mesaj göndərirəm, amma  yenə də doluxsunduğum üçün aydın danışa bilmirəm. Elə həmin vaxt aranı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən gələn zəng  səsi kəsir:

–           Alo, salam, Məhsəti xanımdır?

–           Salam.Bəli

–           Siz Komitə tərəfindən “Şuşa ili” ilə bağlı keçirilən yazı müsabiqəsində yer tutmusunuz. Zəhmət olmasa, ayın 12-si Bakıda olun…

    Sevincimin həddi yoxdur. Yox, daha yazmaya bilmərəm. Bu aralar Şuşa bütün ruhumda, canımda, nəfəsimdədir. Niyə bölüşməyim axı bu sevinci? Bu dəfə qəti qərara gəlirəm və elə Gündüzə də beləcə səs göndərirəm: “Yazacam. Bu haqda mütləq yazacam”.

        …Səfərimin əvvəlinə qayıdaq. Şuşada I Beynəlxalq Kulinariya festivalı başlayacaqdı. Bundan bir neçə gün əvvəl dəqiq vaxt deyilməsə də, festivala dəvət olunacağım haqda məlumat verilmişdi. Yəni mayın 6-sı,7-si və ya 8-i günlərindən birinə düşəcəkdi səfərim. Həmin vaxt nələr hiss etdiyimi yazmayım. Məncə hər biriniz o anı təsəvvür edə bilərsiniz.  Konkret gün deyilmədiyi üçün bu günlərimin hər biri mənə uzun il kimi gəlirdi. Artıq mayın 8-i festivalın son günü olacaqdı. Bir gün əvvəl “Bəlkə də gedə bilməyəcəm, bəlkə də dəvət etməyəcəklər” deyə düşündüyüm zaman Heydər Əliyev Fondundan zəng gəldi. Necə toplaşacağımız, haradan yola düşəcəyimiz haqda danışdıq. Daha bundan sonra gözüm ayağımın altını görərdimi? Necə deyərlər, ildırım sürətiylə hazırlıq işlərinə başladım.

     Artıq səhərdir. Sakitcə geyinib otaqdan çıxıram. Amma bir anlıq ayaq saxlayıb geri dönürəm. Mışıl – mışıl yatan oğlumla qızıma baxıram. Gecə yatarkən mənə dönə-dönə tapşırmışdılar:  “Ana, bax Şuşadan çoxlu şəkillər çək gətir ha.”, “ Ana, gələndə bizə hər şeyi danışarsan, oldumu? ” , “Ana, indi tək get, amma bir gün bizi də Şuşaya aparacqsan! ”

    Sakitcə yaxınlaşıb oyanmasınlar deyə yanaqlarından yox, hər ikisinin açıq qalmış çiyinlərindən öpürəm. Qoxularını sinəmə çəkirəm. Üstlərini örtüb otaqdan çıxıram. Ustufca, ayaqlarımı hiss etmədən, qanadlarım varmış kimi çıxıram…

    Ağcabədidən iki nəfər gedəcəkdik. Digər yoldaşı şəxsən tanımadığım üçün İmişli rayonundan yola düşərkən  avtobusda yanaşı əyləşdiyim bir qadınla tanış olmağı fürsət bilirəm. Başqa rayondan olan o xanım da tək, yoldaşsız idi.  Söhbət zamanı razılaşırıq ki, heç  bir tanışımızın olmadığı məlum tədbirdə  elə  ikimiz yoldaşlıq edərik.

   Avtobus yola düşür. Kimisinə zəng gəlir, kimisi isə özü başqasına zəng vurur… Bu zənglərin hər biri “Alo” kəlməsi ilə yox, məhz bu cümlələrlə  başlayır:  “Hə, salam qardaş,  a yox eee, rayonda deyiləm. Şuşaya gedirəm!” , “Hə, qızım, yox, bu gün gələ bilməyəcəm. Şuşaya gedirəm eey… Hə, vallah!” , “ Salam. Bəli, bəli, düz eşitmisiniz. Bayaq özüm də paylaşdım profilimdə. Şuşaya gedirəm! Sağ əlim sizin başınıza”…

    Bu səhərin ən gözəl kəlməsi, ən gözəl nəğməsi, ən gözəl səsi idi bu səslər, qarışmışdı bir-birinə: “Şuşaya gedirəm !”

     Xüsusi vurğuyla, xüsusi şuxluqla, xüsusi əda ilə deyilirdi müxtəlif dodaqlardan qopan eyni kəlmələr: “Şuşaya gedirəm!”

     Hətta heç kimlə danışmayıb sakitcə yola baxanların da üzündən-gözündən tökülürdü bu sözlər: “Şuşaya gedirəm!”

      Artıq Füzulidəyik. Yolboyu erməni vəhşiliklərinin şahidi oluruq. Uçmuş, dağıdılmış, viran edilmiş tikililər insanın ürəyini çəkib çıxarır yerindən. Təəssüf, kədər dolu nidalar qopur dodaqlardan. Hər kəs bu görüntüləri telefonun yaddaşına köçürməyə çalışır. Hər kəs lənət oxuyur düşmənə…

     Mənzərələr dəyişir, Şuşaya doğru irəliləyirik. Ürəyimiz atdanır. Yolda bələdçi deyir:

– Bax gördüyünüz digər yol Xocalıya gedir.

    Dərin sükut çökür ortalığa. Qeyri-ixtiyari hər kəs baxışlarını sol tərəfə zilləyib susur. Ah çəkməyə belə ehtiyat edirik. Xocalının yarasını qoparacağımızdan qorxuruq sanki… Heç telefonu qaldırıb nə isə çəkməyə də cəsarətimiz çatmır. Gözlərimi yumub bir müddət urəyimin guppultusunu dinləyirəm…  Qulaqlarımda bir Xocalı uğultusu, Xocalı haykırtısı, Xocalı fəryadı…

     Yenə də bələdçinin səsi xəyaldan ayırır məni:

 –  Ora baxın, gördüyünüz həmin yerlərdə  də işğal dövründə yaşayış olub. İrəlidə gördüyünüz  isə…

     Şuşa qollarını açıb bizi gözləyirdi. Özü də necə? Gah gözləri parıldayaraq gülür, gah doluxsunub kövrəlir, gah da özünü saxlaya bilməyib hönkürürdü. Sonra bizi də kövrəltdiyini hiss edib göz yaşlarını gizlətmək üçün duman örpəyini üzünə şəkir, bu zaman daha sirli, daha cəlbedici görünür, arada örpəyin altından yenə  gülümsəyir, haldan-hala düşürdü.

     Artıq  “Qarabağ” hotelinin qarşısındayıq. Geri qayıtmaq üçün toplaşacağımız saatla və bəzi məsələlərlə bağlı tapşırıqlarımızı alıb festivala qatılmağa gedirik. İlk andan elə ab-hava ilə qarşılaşırıq ki, sanki günlərdir burada imişik. Deyən, gülən, çalıb-oynayan insanlar, qonaqlarda xoş əhval yaratmağa çalışan xüsusi personajlar bir an içində hər kəsi bir-birinə doğmalaşdırır. İmişlidən buradək tez-tez  peçenye xırtıldadan xanım – birlikdə gəzəcəyimiz haqda şərtləşdiyim yol yoldaşım əvvəlki danışığımızı unudub  pavilyonlardan gələn kabab qoxusuna qarışaraq bir an içində yoxa çıxsa da, doğrusu heç zərrə qədər də bunun fərqində olmadım. Buradakı əhval-ruhiyyə tək olduğumu unutdururdu. Bu arada rayonumuzdan olan Vüsal Hüseynov  bu çoxluq içərisində məni tapdı və Şuşadan qayıdanadək əsl yoldaşlıq nümayiş etdirdi. Maraqlı festivaldan  şəkillər, videolar çəkdik, müxtəlif mətbəxlərlə tanış olduq. Hətta həmişə ağcabədililərə məxsus xörək olduğunu iddia etdiyim “Cırdana” ilə də burada rastlaşdım. Onu başqa bölgələrdə buğlama, balva və s. adlarla tanıyırlar. Yalnız Ağcabədidə “Cırdana” deyildiyi üçün elə xörəyin özünü də necə deyərlər, mənimsəmişdim və belə də təbliğ edirdim. Amma festivalda iştirakım bu iddiama son qoymağıma səbəb oldu…

      Göylər dayanmadan yağış ələyirdi üstümüzə. Amma kimsə, kimsə geri çəkilmir, şən musiqilərin sədası altında oynayır, əylənir, Şuşanın, burada keçirilən festivalın sözün həqiqi mənasında dadını çıxarmağa çalışırdı. Qoca, cavan, uşaq qarışmışdı bir-birinə. İnsanları xoşbəxt görmək necə də gözəldir… Bu əhval o qədər cəlbedici idi ki, müxtəlif təamların nümayişi ilə məşğul olan kulinarlar da arada rəqsə qatılır, həmin vaxt daha böyük coşqu yaranırdı. Bu havadan, bu yağışdan, bu gündən, bu andan doymurdu insanlar. Bülbülün, Üzeyrin, Natəvanın illərin dəhşətli acılarından keçmiş, güllələnmiş, didərgin düşmüş büstləri indi yenidən Şuşada bu möhtəşəmliyə şahidlik edirdi. Həmin büstlərin yanında dayanaraq kənardan insanları  izləməyimin özü belə böyük səadət idi…

         Amma təkcə buranı görmək məni qane etməyəcəkdi. Axı çox yeri gəzmək, görmək istəyirdim. Lakin təşkilatçılar tərəfindən planda başqa yer yox idi. Avtobuslar deyilən saatda iştirakçıları məhz elə hotelin qarşısından götürüb yola düşəcəkdi. Ancaq bu aralar şansım çox gətirirdi. Yol yoldaşım, həmyerlim Vüsal bəy də Şuşadan sadəcə festival iştirakçısı kimi qayıtmaq niyyətində deyildi. Beləliklə, biz düz Cıdır düzünə qədər gedəcəkdik. Küçə-küçə, ağac-ağac hər yeri videokameranın yaddaşına köçürəcəkdik. Nə olur olsun, qərar qəti idi. Öncə Yuxarı Gövhər ağa məscidinə getdik. Amma nəzarətçi bizi içəri buraxmadı. Təmir işləri gedirdi, yəqin ki,  səbəb bu idi. İcazə verməməyindən əlavə,  qardaş bizi sancmağı da unutmadı. Təpədən dırnağa su süzülən, palçıqlı üst – başımıza baxıb pinti, avara uşaqlarla danışırmış kimi qəribə səslə dedi:

-Nədi, özünüzü niyə bu günə qoymusunuz? Yeriyin, gedin , sən Allah…  Gedin festivalınıza.

      Həqiqətən pis gündə olsaq da, onun bizə yanaşma tərzi dodağımı qaçırsa da, bir az da doluxsundum, “qardaşım, buralar sizin üçün adiləşib, bizim üçün isə çox əlçatmaz idi ” dedim.

        İndi istiqamət Cıdır düzünə idi. Yolu tanıyanlardan bəzi məlumatları aldıqdan sonra avtobus yola düşənə qədər qayıda biləcəyimizi müəyyənləşdirib içindən  üzüyuxarı su fışqıran, ağırlaşmış ayaqqabılarımızı  ayağımızda güclə çəkə-çəkə yola düzəldik.

        Qəribə sehri var Şuşanın. Ömür boyu görmədiyim bu yerlər mənə o qədər doğma gəlirdi ki.  Rastlaşdığım bəzi döngələrin eynisini isə yuxumda görmüşdüm. Hər otuna, daşına, çınqılına qədər eynisini… Və indi buradan keçəndə çox heyrətlənirdim. Bir də… bir də getdiyimiz yollardan, dağılmış, köhnə binalardan, ağacların arasından, evlərin divarlarından  duyduğum hənirti, nəfəs, eşitdiyim pıçıltılı səs…  Bəzən isə uzaqlardan gələn, bu bomboş küçələrdə əks-səda verən, yağışın gur şırıltısına qarışan qəribə haykırtılar…  Yox, yox, mən bu haqda xeyli irəlidə addımlayan  yol yoldaşıma heç nə deməyəcəkdim. Mən bu küçələrdən keçərkən hər addımlığımda şəhidlərimizin nəfəsini necə hiss etdiyimi, əllərinin əlimə necə toxunduğunu, bir-birimizə nələr pıçıldadığımızı söyləməyəcəkdim. Sadəcə kürəyimdəki buz kimi soyuq gizilti ilə, anlaşılmaz duyğularla baş-başa qalaraq, onların divarlara həkk olunmuş adlarının şəklini çəkərək doyunca ağlayacaqdım. Bu qrafittilər  şərəfli bir tarixin izləridir. Qəhrəman oğullarımızın adlarını, arzularını, qələbə sevinclərini, son sözlərini əks etdirən izlər. Buradakı hər kəlmə kim bilir, hansı həyəcanla, hansı duyğularla yazılıb…  Gördükcə, oxuduqca müəyyən suallar ilişib qalır ağlımda: “Görəsən bu yazıları nə zamansa siləcəklər? Bərpa, tikinti işləri apararkən uçurub tökəcəklər? “

  Sonra öz özümə cavab verərək : “Etməsinlər”- deyirəm. Kimin əli gələr buna… Amma başqa yol yoxsa, o zaman həmin qrafittilərin şəklləri çəkilsə, şəhərin bir hissəsində, yaxud hansısa muzeydə daimi olaraq sərgilənsə çox yaxşı olar. Və ya 44 günlük müharibə ilə bağlı film çəkilişlərində də bu görüntülər təsirli səhnə yaratmaqla yanaşı həm də  film vasitəsilə əbədiləşə bilər. Axı o yazıların hər hərfində bir ürəyin çırpıntısı eşidilir. Görəsən onları yazanların hansı sağ-salamatdır, hansı sağlamlığını itirib, hansı şəhiddir?!  Düşündükcə ürəyimə ağırlıq çökür. Boş küçə, aramsız yağış, ürəksə dolu. Ağla doyunca… Kimsə eşitməyəcək, duymayacaq onsuz da… Mən ağladıqca yağış üz-gözümü elə yuyacaq ki, heç  irəlidə öz xəyalları ilə baş-başa qalaraq  addımlayan yol yoldaşım da göz yaşlarımdan xəbər tutmayacaq.

      Artıq getdikcə addım atmaq çətinləşir. Yağış, palçıq, islandığı üçün ağırlaşan geyimlər, üstəgəl üzü yuxarı getmək nəfəsimi kəsir. Nə yalan deyim, Molla Pənah Vaqifin Məqbərəsinə çatanda istəyirəm Vüsal bəydən qayıtmağı xahiş edim. Eləcə, məqbərəni ziyarət edib qayıtmaq… Çünki taqətim qalmayıb. Səhhətimin də pisləşdiyini hiss edirəm. Amma elə o anda da utanıram bu fikrimdən. Bu yerləri canını verərək, qanını tökərək, yaralı dostlarını çiynində daşıya-daşıya  döyüşərək alan oğullarımızın ruhundan utanıram…

     Bütün qüvvəmizi toplayaraq, yağışla güləşə-güləşə Cıdır düzünə çatmağa tələsirik. Əvvəlcədən bizə həyətlərə daxil olmamaq tapşırıldığı üçün yalnız üzərində mina təhlükəsinin olmadığını xəbər verən lövhəciklərin asıldığı həyətlərə  baş çəkirəm. Yarıuçmuş evlər, nə vaxtsa , hansısa arzularla əkilmiş, zamanla böyümüş, qocalmış, beli əyilmiş, amma yenə də ümid rəngli yarpaqları yağışda yuyularaq gözəlləşən ağaclar necə doğma idi mənə. Necə tanış idi bu həyətlər. Bir dəfə rəfiqəm mənə demişdi ki, sən Ağcabədidə doğulsan da, Şuşalısan. Görmədiyin Şuşadan danışanda elə hisslər keçirirsən ki, Şuşa haqqında elə danışırsan ki, başqa cür düşünmək olmur. Sən araşdır, mütləq kökün Şuşaya gedib çıxacaq…

    İndi həmin rəfiqəmə səslənərək demək istəyirəm ki, bugündən sonra mən daha görmədiyim Şuşadan yox, palçığına bulaşdığım, yağışında yuyunduğum, ilk dəfə aldığım qoxusunu, havasını ömür boyu ciyərlərimdə daşıyacağım Şuşadan danışacağam.  Mən artıq Şuşada idim eeey, Şuşada!  Sanki nağıl idi yaşadıqlarım. Sanki nəhəng bir rəsm əsəri idi Şuşa. Və mən də o şəklin içində hərəkət edən yeganə canlı,döyünən yeganə ürək…

    Nəhayət Cıdır düzündəyik. Girişdə dayanan hərbçilər dönə-dönə qayalıqda ehtiyatlı olmağı tapşıraraq bizə istiqamət verirlər. Məlum havanın yaratdığı çətin şəraitdə sürüşə, yıxıla bilərdik. Amma təhlükə haqqında düşünməyə vaxt vardımı? Bu gözəlliyin qarşısında yıxılmaq nədir ey, ölməyə də dəyərdi. Şuşadan qayıtdıqdan sonra Cıdır düzünün necə yer olduğunu soruşanlara bircə bunu deyə bilirəm ki, o yer nə fotoda, nə videogörüntüdə olduğu kimi düşmür. Hətta həmin görüntülərdə adi, çox adi gələ bilər sizə. Oradakı gözəlliyi görmək üçün mütləq özünüz getməlisiniz. O zirvədən özünüz baxmalı, o əsrarəngizliyə öz gözlərinlə şahid olmalı, o möhtəşəmliyin qarşısında nitqinizin necə batdığını özünüz hiss etməlisiniz. Yüz Məhsəti yığışsa, sözlə həmin gözəlliyi təsvir edə bilməyəcək. Bəzən böyüklər hansısa bəyəndikləri yer haqqında danışarkən deyirdilər ki, adam elə ölüb orada qala. Açığı, bu deyim həmişə mənə gülməli gəlib. Necə yəni, daha öləndən sonra o yerin gözəlliyinin mənim üçün nə mənası?   Amma Cıdır düzündə özüm də bilmədən  yaddaşımda ilişib qalmış həmin deyimi təkrar-təkrar, uca səslə və ürəkdən deyirdim : “Adam elə ölüb burada qala”

   Amma həmin vaxt ölməyim heç kimə sərf etmirdi. Təyin olunan vaxt yaxınlaşırdı, bizim isə hələ gedəcək yerlərimiz var idi. Odur ki, ölmək yox, o yerləri də ziyarət etmək haqqında düşünməli idim. Yolüstü məqbərəyə  getdik, karvansaraya baxdıq, Bülbülün ev- muzeyini ziyarət etdik, Şuşa qalasının Gəncə qapısını gördük, orada şəkillər çəkdirdik. Nəhayət təşkilatçılar zəng vurub vaxtında avtobusda olmadığımız üçün bizi yaxşıca danladılar, gəlirik deyərək özümüzü onlara çatdırdıq. Böyüklərin sözündən çıxmış nadinc uşaqlar kimi başımı aşağı dikib avtobusa daxil olanda əsəbi baxışların üzümüzə dikiləcəyini hiss edirdim. Amma oradakılar  tökülüb-itən löyünümüzə baxanda bizi danlamaqdan vaz keçdilər. Hətta bayaq yoldaşlığımızı xörək qoxusuna qurban verən xanım da  canıyananlıqla su içində olan üst geyimimi çıxarmağı məsləhət gördü.

    Avtobus yola düşdü. Bədənimə yapışmış yaş, buz kimi paltarlar və uzun yol. Soyuğun canıma necə işlədiyini indi daha aydın hiss edirdim. Artıq hərarətim qalxır, məni titrətmə tuturdu. Dişim-dişimə dəydikcə sayıqlayırmış kimi öz-özümə gülümsəyir və elə üzümdəki ifadəni pozmadan, məmnun halda, özümdənrazı şəkildə də pıçıldayırdım: “Mən Şuşadan gəlirəm, Şu-şa-dan ! ”

                                                                               Məhsəti MUSA

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər