Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova həvəsli”dir. K.Vamberi bu adı əsərinin bir yerində “toplayıcı”, digər yerində isə “əfsər, zabit” kimi açıqlayır. K.Nemət isə Avşar adının “avs” feilindən törəndiyini qeyd edib, “itaətli” mənasında olduğunu təsdiqləyir.
Məşhur türkoloq M.Kaşğari (XI əsr) məlum “Divani-Lüğət-ittürk” əsərində 22 oğuz tayfalarından biri Əfşar (Avşar) tayfasının adını qeyd etmişdir.
Fəzlullah Rəşidəddin oğuzların boyları, damğası, geneologiyası haqqında daha dəqiq və geniş təsnifatını vermişdir. F.Rəşidəddinə görə oğuzların boyları Boz-ok və üç-ok deyə iki qrupa ayrılır. Avşarboyu Boz-ok qrupuna mənsub olub Ulduz xanın oğlu kimi təsvir olunmuşdur. O, yazır: “Avşar, çevik və vəhşi heyvan ovuna həvəsli”.
Əli bəy Yazıçıoğlu, Əbülqazi Bahadır xan Xivəli də oğuz tayfalarını 24 boya bölmüş, Avşar tayfasının da adını qeyd etmişlər.
M.Kaşğaridən, F.Mübarəkşahdan (əfşar) fərqli olaraq Fəzlullah Rəşidəddin və Əbülqazi xan Xivəlidə bu söz “avşar” formasında işlənmişdir.
Avşar adı yerlərə, yörələrə görə, müxtəlif cür səslənir. Avşar, ovşar, əfşar kimi deyiliş və yazılış biçimləri mövcuddur. Bu elin ilkin və dəqiq adı avşardır.
Bu adın Avşar adlı türk-Azərbaycan mənşəli etnonimdən törəməsi şübhə doğurmur. Avşarlar Azərbaycan xalqı və dilinin formalaşmasında əsas rol oynayan və Azərbaycan ərazisində onlarca eyni adlı toponimlərin yaranmasında fəal iştirak edən etnos olmuşlar. Türk xalqlarının abidələrində bu tayfanın adı dönə-dönə çəkilir.
Bəzi tarixçilər qeyd edirlər ki, türk tayfaları olan qacar və afşarlar monqol istilaçıları ilə birlikdə Orta Asiyadan gəlmişlər. Azərbaycanda isə bu tayfanın yerləşməsi Əmir Teymur və Miranşah Mirzənin gəlişi ilə bağlıdır. Əslində avşarların Azərbaycanda yerləşməsi çox-çox əvvəllərə aiddir.
Məlumdur ki, avşar tayfasından 1736-1747-ci illərdə İranda hakimiyyətdə olmuş Nadir Şah çıxmışdır.
İstedadlı miniatür rəssamı Sadıq bəy Avşar Azərbaycan xalqının ən parlaq ulduzlarından biridir. Böyük bir sənətçi kimi Sadiq bəy Avşar öz tükənməz qabiliyyətini yalnız təsviri sənətdə deyil, xəttatlıqda (onun adı şah Abbasın sarayındakı xəttatlar sırasında xatırlanır), musiqidə, şeir və nəsr sahələrində, tarixi salnamə və təzkirəçilikdə də sınamış və yaradıcılıq uğurları qazanmışdır.
Avşar eli və nümayəndələri Səfəvilər dövlətinin qurulmasında, yayılmasında, idarə olunmasında fəal iştirak etmişlər.
Məşhur türkoloq Faruq Şümər Avşar elinin bir qolu olan Qızılbaş tayfası haqqında yazır: “Səfəvi dövlətini quran ünsür tamamilə türklərdən ibarətdir. Şah İsmayıl Ərzincan yaxınlığında Anadolu türklərini başına yığaraq, buradan Azərbaycana yüyürərək öz dövlətini qurmuşdur. Bu halət Səfəvi dövlətinin başlıca dayağı olan boy və obaların yurdlarının bilinməsi ilə daha düzgün anlaşılmaqdadır. Qızılbaş ulusunu təşkil edən birinci dərəcəli oymaqlar bunlardır: ustacalı-ustahacalı (Səfəvi dövründə ustaclı), rumlu, təkəli, zülqədər, şamlı, əfşar, qacar”.
… Avşar eli meydana gedəndə baş, mətbəxə gedəndə aş gətirən bir qurum olub. Oğuz boyları içində adıyla, mənzilə çatanda atıyla tanınıb.
Avşarlar “dad” deyiləndə səf bağlayar, “mədəd” deyiləndə əl saxlayardılar. Yoldan gələnə çörək, eldən gələnə kömək, beldən gələnə dəstək verərdilər. Qol ucuyla, qılınc gücüylə özlərinə ad, süfrələrinə dad qazanardılar. Vurduğunu yıxar, verdiyini doyurardılar. Sultana vermədiyini mehmana verərdi afşarlar.
Avşar oğlu çay çevirib, dağ devirərdi. Hirsi tutanda sözündən dönməz, dediyini etməyincə sönməzdi. Qılıncı əlində, atının belində ömür sürərdi. Yatağa yan, yağıya can verməzdi. Gecə başının altına nəzir qoyardı ki, sabah dava olsun. Hücumuna səngər, həmləsinə sipər dayanmazdı.
Avşar ataları qızlarını otaqlıya yox, papaqlıya veriblər. Biliblər ki, ərdirsə kol dibində arvad saxlayacaq.
Avşar ataları qızlarını dəvəliyə verməyiblər. Duyublar ki, dəvəsi gedəcək, dəlisi qalacaq.
Avşar oğulları çayı dəhnədən, payı təhnədən götürüblər. Bolluq, bostanlıq gördüklərindən comərd xislətlidirlər. Hay deyənə havar, pay deyənə davar verərdilər. Səxavəti ibadətdən üstün bilərdilər. Doğalıdan dövlətli, olandan səxavətliydilər.
Avşar oğlu heç zaman kökünü söyməyib, düşmənini öyməyib.
Çomağını daşa yavaş, başa bərk vurardı avşar oğlu. Qonşusuna bəlgəmi basma, başın yarılmasın, qolun qırılmasın – deyərdi. Qapısına doğruluqla gələnin köləsi, əyriliklə gələnin bəlası olardı.
Atına qardaş deyərdi. Yolçunu yolda qoymazdı. Çaya gələnə çay, paya gələnə pay verərdi.
Avşar dağ aşar- deyiblər.
Avşar oğlu heç zaman dayıya arxalanmayıb. Güvənci göydə Tanrı, yerdə özü olub. Kürəyini elinə söykəyib, biləyinə, diləyinə güvənib.
Avşar elinin mədəniyyəti
Avşar eli oğuz ulsunun içində mədəniyyəti ilə seçilirdi. Bu da onların güclü soy duyğusu ilə bağlı idi. Onlar özgəni öyməz, özlərini söyməzdilər. Birliyi, bütövlüyü siyasət halına gətirmişdilər. Avşarlar içlərini cənnət, çöllərini cəhənnəm sayırdılar. Birlikləri sayəsində rifah və zənginliyə qovuşmuşdular. Maraqlıdır ki, avşarlar sənətə kasıblıqdan yox, zənginlikdən meyl edirlər.
Avşarlar damğalı bir qurum idi. Onlar öz damğalarını yaratdıqları əsərlərə, rəsmi sənədlərə, bayraqlarına, keçəyə, bəzən də məzar daşlarına vururdular.
Avşarların qurşadığı xəncər “ovşarı” adlanırdı. Qədim bir bayatıda deyilir:
Əzizim Ovşarı var,
Ovçunun ovşarı var,
Gözlərindən tanıram
Yarıma oxşarı var.
Avşarların daşıdıqları qılınc “Kirmani” adlanırdı. Bu qılıncın avşarların German qrupu tərəfindən hazırlandığı güman olunur:
Belimizdə qılıncımız kirmani,
Daşı dələr mizvağımın dəmrəni…
Azərbaycanda “Kürd-ovşarı”, “Əfşarı” adlı muğam şöbələri, “Əfşari” adlı saz havası var. Türkiyənin Yozqat, Qırşəhir yörənlərində “Avşar bozlağı” adlı bir türkü oxunur.
Avşarların adı ilə bağlı rəqs növü də var. Bu rəqs “Avşarı” adlanır. Qədim rəqs növü olan “Avşarı” da əhliləşdirilmiş meymundan istifadə olunurdu. Mütəxəssislərin fikrincə bu “Avşarı” hərbi rəqs sayılırdı. Ensiklopediyada yazılır: “Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsü 2/4-dir. Azərbaycan aşıq havası, şux oynaq xarakterli geniş instrumental müqəddimə ilə başlayır. Sazda “Qaraçı” kökündə ifa olunur. Muğam əsası şurdur. “Əfşari” nin poetik mətni qoşmadır.
…Oğuz türkləri olan avşarlar türk tarixində silinməz izlər buraxmışlar. Milli, eyni zamanda çox səciyyəvi olan, həmişə qorxmazlıqları, qoçaqlıqları, döyüşkənlikləri ilə ad çıxaran avşarlar hazırda Azərbaycanda, İranda, Türkiyədə, Əfqanıstanda əsasən icma şəklində yaşayar özəl xüsusiyyətlərini bu günə qədər qoruyub saxlaya bilmişlər. Onlar yaşadıqları məkanda daima ictimai, siyasi aləmdə yaxından iştirak edir, öz haqq, ədalət səslərini hər zaman ucadan deməyi bacarırlar.
…Ürəyin qürurlu, gözün nurlu olsun, avşar oğlu.
Hazırlayan: Adil MİSİRLİ